Şuşadakı konfransda 180-ə yaxın səfir, hərbi attaşe və diplomatik korpusun xarici nümayəndəsi iştirak edir - YENİLƏNİB

Şuşadakı konfransda 180-ə yaxın səfir, hərbi attaşe və diplomatik korpusun xarici nümayəndəsi iştirak edir - YENİLƏNİB Bu gün Şuşada Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, minalardan təmizlənməsi, münaqişədən sonrakı dövrdə şəhərsalma potensialından istifadə və beynəlxalq əməkdaşlıq imkanlarına həsr olunmuş konfrans öz işinə başlayıb
Daxili siyasət
27 Avqust , 2022 14:41
Şuşadakı konfransda 180-ə yaxın səfir, hərbi attaşe və diplomatik korpusun xarici nümayəndəsi iştirak edir - YENİLƏNİB

Avqustun 27-də Şuşada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma sahəsində görülən işlər və planlama, postmünaqişə dövründə minatəmizləmə əməliyyatları və şəhərsalma potensialından istifadə edilməsi, beynəlxalq əməkdaşlıq imkanlarına həsr olunmuş konfrans işə başlayıb.

“Report”un Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bu xüsusda, xarici ölkələrin yüksək rütbəli diplomatları avqustun 26-da Ankara-Füzuli reysi ilə Azərbaycana səfər ediblər. Qonaqlar Ermənistanın 30 illik işğalı nəticəsində törədilən vandalizm aktları ilə əyani tanış olublar, eyni zamanda ərazilərimiz işğaldan azad olunandan sonra görülən yenidənqurma və bərpa işlərinə dair təqdimatlar keçirilib.

Şuşa şəhərinə gələn qonaqlar, tikilməkdə olan infrasturuktur layihələri, xüsusilə yol, tunel və digər layihələrlə tanış olublar.

Konfransı giriş sözü ilə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbəsinin müdiri Hikmət Hacıyev açıb. Eyni zamanda konfransda Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi Vahid Hacıyev, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov təqdimatla çıxış ediblər.

Bakıdakı diplomatik korpusun, eləcə də Azərbaycanda akkreditə olunmuş Türkiyə, Rusiya və İrandakı diplomatik korpusun nümayəndələri, həmçinin bir sıra ölkələrin İstanbuldakı Baş konsulları, beynəlxalq təşkilatların təmsilçiləri və Türkiyə hökumətinin rəsmiləri konfransın işinə qatılıblar.

Ümumiliklə 180-ə yaxın iştirakçının 130-u diplomatik korpusun xarici nümayəndəsi, o cümlədən 36-sı səfir, 18-i hərbi attaşedir.

Qonaqlar üçün Azərbaycan muğam sənətkarlarının ifası ilə mədəni proqram təşkil olunub.

11:32

Avqustun 27-də Şuşada Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, minalardan təmizlənməsi, münaqişədən sonrakı dövrdə şəhərsalma potensialından istifadə və beynəlxalq əməkdaşlıq imkanlarına həsr olunmuş konfrans öz işinə başlayıb.

“Report”un Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, konfransda Azərbaycanda akkreditə olunmuş, eyni zamanda, Ankarada, Tehranda və Moskvada fəaliyyət göstərən qeyri-rezident səfirlər, beynəlxalq diplomatik korpusun digər nümayəndələri, hərbi attaşelər, beynəlxalq təşkilatların təmsilçiləri, Türkiyə Xarici İşlər Nazirliyinin və digər dövlət qurumlarının yüksəkvəzifəli şəxsləri də olmaqla ümumilikdə 160-dan çox nümayəndə iştirak edir.

Nümayəndələr arasında Avropa İttifaqının, BMT-nin və bu təşkilatın Qaçqınlar üzrə Ali Komissarlığının, BMT-nin Uşaq Fondunun, İnkişaf Proqramının, Əhali Fondunun, Dünya Bankının, Türk Dövlətləri Təşkilatının, Türk Mədəniyyət və İrsi Fondunun, TÜRKSOY-un, Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şuranın, Avropa Yenidənqurma və İnkişaf Bankının, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun, Beynəlxalq Miqrasiya Təşkilatının, Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin nümayəndəliklərinin rəhbərləri, bütün qitələri əhatə edən, o cümlədən Böyük Britaniya, Niderland, İsveç, Danimarka, Belçika, Almaniya, İtaliya, Müqəddəs Taxt-Tac, Macarıstan, Portuqaliya, Polşa, Çexiya, İran, Səudiyyə Ərəbistanı, Qətər, Bəhreyn, Çin, Filippin, Avstraliya, Yeni Zelandiya, İndoneziya, Kanada, Dominikan, Qvineya, Salvador, Meksika, Panama, Argentina, Braziliya, Qvatemala, Uqanda, Ruanda, Sudan, Çad, Kamerun, Namibiya, Mərakeş, Liviya və digər ölkələrin səfirləri, səfirliklərinin əməkdaşları və hərbi attaşeləri yer alıblar.

Tədbiri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev açıb. O bildirib ki, Azərbaycan dövləti Qarabağı çiçəklənən vəziyyətə qaytarmağı qarşısına vəzifə qoyub: “Azərbaycanlılar, təxminən, 30 il əvvəl oranı tərk edərək xoşbəxt həyatlarından məhrum olmuş, məcburi köçkünə çevrilmişdilər”.

Konfransa Türkiyədən qatılan diplomat və hərbi attaşelərin Ankara-Füzuli aviareysi ilə ölkəmizə gəlmələrinin əhəmiyyəti xüsusi qeyd olunmalıdır.

Qeyd edək ki, konfrans iştirakçılarının işğaldan azad olunmuş ərazilərimizə səfəri Füzuli Beynəlxalq Hava Limanından başlayıb. Səfər çərçivəsində diplomatlar və hərbi attaşelər Füzuli şəhəri, eləcə də rayonun Dövlətyarlı kəndi ərazisində minatəmizləmə işləri ilə tanış olub, tapılmış minaların zərərsizləşdirilməsi prosesinə baxıblar. Sonra Şuşa şəhərinə yola düşən heyət Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu üzərində tikintisi başa çatmaqda olan tunelə yolüstü baxış keçiriblər. Konfrans iştirakçıları daha sonra Şuşa şəhərinin görməli yerləri ilə tanış olacaqlar.

Son xəbərlər

Orphus sistemi