Yuxarı

Sumqayıtın icra başçısı bir sıra sahələrlə bağlı fəaliyyətləri tənqid edib

İcra Hakimiyyətində Zeynal Nağdəliyevin iştirakı ilə 2015-ci il üzrə hesabat konfransı keçirilib

İcra Hakimiyyətində Zeynal Nağdəliyevin iştirakı ilə 2015-ci il üzrə hesabat konfransı keçirilib

Sumqayıt. 4 fevral. REPORT.AZ/ Sumqayıt Şəhər İcra Hakimiyyətində Prezident Administrasiyasının rəhbərinin müavini, Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyevin iştirakı ilə 2015-ci il üzrə hesabat konfransı keçirilib.

“Report”un xəbərinə görə, çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov deyib ki, ötən il qarşıya qoyulmuş işlərin öhdəsindən gəlinib.

Onun sözlərinə görə, bu müddət ərzində Sumqayıtda sosial-iqtisadi sahədə surətli inkişafa nail olunub: “Bir neçə sənaye müəssisəsi tikilib. Dünyada qlobal maliyyə böhranının olmasına baxmayaraq, bütüb sahələr sürətli inkişaf təmin olunub. Müxtəlif sahələrdə uğur əldə etmişik. Maliyyə böhranı bəzi sahələrə qismən təsirini göstərib. Belə ki, şəhərdə investiya qoyuluşu azalıb. Amma bütövlükdə şəhərdə sosial-rifah halı yüksəlib”.

Z.Fərəcov qeyd edib ki, tikinti sahəsində şəffaflığın artırılması istiqamətində mühüm işlər görülüb: “Qeyri-qanuni tikilərlə bağlı tədbirlər görülüb, onların sökülməsi üçün tapşırıqlar verilib”.

İcra hakimiyyətinin başçısı səhiyyə, təhsil sahəsində olan nöqsanlara da toxunub: “Sumqayıtda təhsilin səviyyəsi aşağı düşüb. Bu da davamiyyət və müəllim-şagird münasibətləri əlaqədardır. Şəhər üzrə 56 şagird sinifdə saxlanılıb. Məlum olub ki, şagirdlər məktəbə gəlməyə deyil, hazırlıq kurslarına getməyə üstünlük verir. Bütün bunların qarşısı alınmalıdır. Hazırda bu istiqamətdə də tədbirlər görülür. Bağçalarda da kadrların seçilməsindən tutmuş, tərbiyə işlərinə qədər nöqsanlar aşkar edilib. Bir uşaq bağçasına dörd dəfədən artıq uşaq gəlib. Təsəvvür edirsinizmi bu nə deməkdir?! Bu, sıxlıqdır. Belə çıxır ki, bir uşaq üçün nəzərdə tutulan yataq dörd nəfər arasında bölüşdürülməlidir. Baş verənlər aradan qaldırılıb. Sumqayıtda səhiyyə sahəsində irəliləyiş əldə olunub. Buna baxmayaraq, nöqsanlar da aşkar edilib. Vətəndaşların şikayəti üzrə əsasən, cərrahlara xəbərdarlıq edilib. Onların bəziləri bundan nəticə çıxarmayıb. Buna görə də 5 səhiyyə müəssisəsinin baş həkimi vəzifəsindən xaric edilib. 2016-cı ildə qarşıya qoyduğumuz vəzifələri yüksək səviyyədə yerinə yetirəcəyik”.

Z.Fərəcov vurğulayıb ki, milli valyutanın devalvasiyasından istifadə edərək qiymət artıranlara qarşı da tədbirlər görülüb.

O, Sumqayıt şəhər bələdiyyəsinin fəaliyyətini sərt tənqid edib: “Ötən il bələdiyyələr üzərlərinə düşən işi yetərincə yerinə yetirmirdilər. Görülən işlərə kənardan seyrçi qalırdılar. Buna görə də bələdiyyə üzvlərinin rəyi ilə sədr Əbülfəz Babayev bələdiyyə orqanlarından xaric edildi”.

Sumqayıt şəhər prokuroru Sərdar İmanov da çıxışında görülən işlər barədə məlumat verib. O bildirib ki, prokurorluqda 124 cinayət işinə baxılıb: “Onlarla bağlı müvafiq qərarlar verilib. Ötən il Sumqayıt şəhər prokurorluğuna 1246 müraciət daxil olub”.

Prokuror qeyd edib ki, 161 narkotik vasitələrin dövriyyəsi faktı qeydə alınıb, müvafiq tədbirlər görülüb.

Digər qurumların da rəhbərləri də hesabatla çıxış ediblər.

Sonra sahibkarlar çıxış edib. Onlar çıxışlarında yaradılan şəraitdən razılıqlarını ifadə ediblər.

Z.Fərəcov sahibkarlara onlara məxsus müəssisələrdə Sumqayıt sakinlərinin çalışması üçün tapşırıq verib.

Daha sonra Prezident Administrasiyasının rəhbərinin müavini, Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev çıxış edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi