Türkiyədə baş vermiş zəlzələdən zərərçəkənlərə dəstək məqsədilə Sumqayıt şəhərində həyata keçirilən humanitar yardım kampaniyası davam edir.
"Report"un yerli bürosu xəbər verir ki, Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən hazırlanmış, hər birində 8-10 nəfərin müvəqqəti yaşaması üçün nəzərdə tutulan 22 ədəd modul tipli evlərin Türkiyəyə göndərilməsi nəzərdə tutulub.
Ötən həftə bu modul evlərdən 8 ədədi və 405 min AZN dəyərində olan yardım göndərilib.
Bu gün isə növbəti 7 ədəd modul evlər, 6 kabinəli sanitar qovşaq və 316 min AZN dəyərində olan humanitar yardım yola salınıb.
Sumqayıt şəhər İcra Hakimiyyətindən "Report"un yerli bürosuna bildirilib ki, qarşıdakı günlərdə də növbəti 6 ədəd modul tipli konteyner evlər və humanitar yardım yola salınacaq. O da vurğulanıb ki, modul tipli evlər boş deyil, humanitar yardımla doldurularaq göndərilib.
Qeyd edək ki, Sumqayıt şəhəri ölkəmizdə həyata keçirilən humanitar yardım kampaniyasında fəal iştirak edir. Şəhərin müxtəlif yerlərində yardımların toplanması üçün məntəqələr yaradılıb. Hadisə baş verən ilk gündən sakinlər yardım toplama məntəqəsinə axın edirlər. Burada yataq dəstləri, isti paltarlar, uşaq bezləri, təmizlik ləvazimatları, konservləşdirilmiş qidalar, zəruri quru ərzaqlar, tibbi ləvazimatlar, eləcə də digər zəruri yardımlar təyin olunmuş məntəqələrdə çeşidlənib və qablaşdırılır.