Sumqayıt şəhərində Vətən müharibəsi şəhidlərinin xatirəsi yad olunub.
“Report”un yerli bürosunun məlumatına görə, 27 sentyabr – Anım Günü ilə bağlı Sumqayıt Şəhidlər xiyabanında keçirilən tədbirdə şəhər rəhbərliyi, deputatlar, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri və ictimaiyyət nümayəndələri iştirak edib.
27 sentyabr - Anım Günü ilə bağlı Sumqayıt şəhərində saat 12:00-da Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Mərasim iştirakçıları öncə Qalib əsgər abidəsi önünə əklil və gül dəstələri qoyublar, şəhidlərin xatirəsini ehtiramla yad ediblər. Daha sonra Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda həlak olan qəhrəmanların məzarları üzərinə gül dəstələri düzülüb, ruhlarına dualar oxunub.