Sumqayıt şəhərində “Nəsillərin rəngli dialoqu” rəsm sərgisi baş tutub.
“Report”un yerli bürosunun məlumatına görə, Sumqayıt şəhər İcra Hakimiyyəti ilə Milli Məclisin deputatı Səbinə Salmanovanın birgə təşkilatçılığı ilə gerçəkləşdirilən “Nəsillərin rəngli dialoqu” mövsuzunda rəsm sərgisi Prezidenti İlham Əliyevin doğum gününə həsr olunub.
Sumqayıt şəhər rəhbərliyi, Milli Məclisin sədr müavini Ziyafət Əsgərov, deputatlar rəssamlar və ictimaiyyət nümayəndələrinin qatıldığı tədbirdə iştirakçılar öncə sərgilənən rəsm əsərlərinə baxıblar.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Səbinə Salmanova sərginin məqsədi haqqında məlumat verib. O, Prezident İlham Əliyevin hər zaman xalqın arasında olduğunu xüsusi vurğulayıb:
“Dövlət başçımız doğum günlərində bölgələrə səfər edərək vətəndaşlarla, əsasən də qaçqın və keçmiş məcburi köçkünlərimizlə görüşüb, müxtəlif təməlqoyma və açılış mərasimlərində xalqımızla birlikdə olurdu. Vətən müharibəsindəki tarixi qələbəmizdən sonra isə Prezident öz ad günündə doğma yurdlarına qayıtmış insanlarımızla görüşür, onların yanında olmağa üstünlük verir”.
Deputat Qərbi Azərbaycana qayıdış məsələsinin daim gündəmdə saxlanıldığını xüsusi vurğulayaraq ölkədə bu il keçirilən mühüm beynəlxalq tədbirlərin uğurla keçirildiyini diqqətə çatdırıb:
“Hazırda ən böyük amalımızdan biri Qərbi Azərbaycana qayıdışdır. İnşallah, tezliklə bu məsələ də öz həllini tapacaq və möhtərəm Prezidentimiz növbəti ad günlərini tarixi torpaqlarımız olan Qərbi Azərbaycanda soydaşlarımızla birgə qeyd edəcək.
Azərbaycan bir sıra beynəlxalq konfranslara, o cümlədən dünyanın ən böyük beynəlxalq tədbirlərindən olan COP29-a uğurla ev sahibliyi etdi. Dünyanın diqqətlə izlədiyi bu tədbirə 196 ölkədən 72 min iştirakçı qatıldı. Tədbirdə dünyamızın gələcəyi üçün xüsusi əhəmiyyət kəsb edən sənədlər qəbul olundu”.
S.Salmanova 75 illiyi qeyd olunan Sumqayıt şəhərində genişmiqyaslı işlər görüldüyünü qeyd edib:
“Bu il həmçinin doğma, əzəmətli Sumqayıtımızın 75 illiyini böyük sevinc hissi və coşqu ilə qeyd etdik. Ulu Öndər Heydər Əliyev və cənab Prezident İlham Əliyev tərəfindən şəhərimizə daim xüsusi diqqət və qayğı göstərilib. Sumqayıtın sosial-iqtisadi inkişafında, sənayenin formalaşmasında, elmin, təhsilin, mədəniyyətin tərəqqisində Ümummilli Liderimizin əvəzsiz xidmətləri olub”.
Milli Məclisin sədr müavini Ziyafət Əsgərov təşkil olunan öz rəsm əsərləri ilə sərgidə iştirak edən uşaqların əl işlərini yüksək qiymətləndirib. Vitse-spiker iştirakçıların xüsusilə, də 44 günlük Vətən Müharibəsinə həsr olunan rəsmlərinin alqışa layiq olduğunu bildirib.
Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, Xalq şairi Sabir Rüstəmxanlı, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov keçirilən tədbirin əhəmiyyətindən danışaraq iştirakçılara uğurlar arzulayıblar.
Çıxışlardan sonra rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb.