“Soydaş” milli virtual platformasının təqdimatı olub

“Soydaş” milli virtual platformasının təqdimatı olub “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Soydaş” milli virtual platformasının təqdimat mərasimi keçirilib.
Daxili siyasət
25 Aprel , 2022 13:32
“Soydaş” milli virtual platformasının təqdimatı olub

“Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Soydaş” milli virtual platformasının təqdimat mərasimi keçirilib.

"Report" xəbər verir ki, mərasimdə Dünya Azərbaycanlılarının V qurultayı çərçivəsində Vətəndə olan bəzi diaspor nümayəndələri, Milli Məclisin deputatları, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.

“Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyi və Diaspor İnformasiya Mərkəzinin rəhbəri Toğrul Allahverdili layihə haqqında tədbir iştirakçılarını məlumatlandırıb. O, çıxışının əvvəlində göstərdikləri dəstəyə görə, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, agentliyin müşahidə şurasına və rəhbərliyinə təşəkkürünü bildirib.

T.Allahverdili çıxışında Şuşada keçirilən Dünya Azərbaycanlılarının V qurultayından danışıb.

Daha sonra layihə haqqında məlumat verən T.Allahverdili deyib ki, platformanın virtual olması Vətəndən uzaqda olan soydaşlarımızı tanıtmaqdan, onların fəaliyyətini daha əlçatan etməkdən ibarətdir.

Onun sözlərinə görə, məhz bu layihə çərçivəsində xaricdə yaşayan, işləyən, diaspor fəaliyyətində yaxından iştirak edən soydaşlarımızdan, həmçinin Azərbaycanda yaşayıb xaricdə Azərbaycanı təmsil edən şəxslərdən videoreportajlar və müsahibələr hazırlanacaq. Bu reportajlar və müsahibələr geniş izləyici kütləsi olan sosial şəbəkələr və media resurslarında ictimaiyyətə təqdim olunacaq. T.Allahverdilinin sözlərinə görə, videoreportajlarda və müsahibələrdə əsas xətt dövlətimizin milli maraqlarıdır.

T.Allahverdili çıxışının sonunda soydaşlarımızın bir araya gəlməsində yaratdığı şəraitə görə Diasporla İş üzrə Dövlət Komitəsinə təşəkkür edib.

Daha sonra çıxış üçün qonaqlara söz verilib. Milli Məclisin deputatları Arzu Nağıyev, Aydın Hüseynov, Ramil Həsən, Naqif Həmzəyev çıxış ediblər.

Çıxışçılar “Soydaş” milli virtual platformasının ölkədən uzaqda yaşayan və azərbaycançılıq ideologiyasına xidmət edən, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində fəaliyyət göstərən hər bir həmvətənimizin tanıdılmasında böyük rolu olacağını bildiriblər.

Daha sonra Dünya Azərbaycanlılarının V qurultayı çərçivəsində Vətəndə olan diaspor nümayəndələri çıxış ediblər. Onlar həm qurultay haqqında, həm də Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşaya səfərdən danışıblar və öz təəssüratlarını bölüşüblər.

Diaspor nümayəndələri bütün dünya azərbaycanlılarının Şuşada bir araya gəlməsindən qürur hissi keçirdiklərini bildiriblər.

Son xəbərlər

Orphus sistemi