Yuxarı

​Sorğu: Azərbaycan xalqı dövlət başçısına etibar edir

Sorğuda yaşı 18 və yuxarı olan 1500 nəfər iştirak edib

Bakı. 22 iyun. REPORT.AZ/ Azərbaycan əhalisinin əksəriyyəti Prezident İlham Əliyevə etibar edir. "Report"un məlumatına görə, bunu “Rəy” Monitorinq Mərkəzinin iyunun əvvəlində ölkə üzrə keçirdiyi ictimai rəy sorğusunun nəticələri sübut edir.

Cavablar göstərir ki, əgər prezident seçkiləri qarşıdan gələn bazar günü keçirilsəydi, səsvermə məntəqələrinə yollanacaq respondentlərin tam əksəriyyəti, yəni 87,3 faizi öz səslərini hazırki dövlət başçısı İlham Əliyevə verərdi.

Respondentlərin 83 faizə yaxını “İlham Əliyev sizin kimi insanların maraqlarına cavab verirmi?” sualına “bəli, cavab verir” (tam və ya qismən), 5 faizi “xeyr, cavab vermir”, 4 faizi isə “əsasən cavab vermir” deyə bildirib. Qalan 8 faiz respondent bu sualı cavablandırmaqda çətinlik çəkib.

Sorğu, həmçinin göstərib ki, prezident seçkiləri qarşıdan gələn bazar günü keçirilsəydi, rəyi soruşulanların mütləq əksəriyyəti (60 faiz) birmənalı olaraq səsverməyə qatılardı. Daha 21 faiz “yəqin ki, iştirak edərdim” cavab variantını seçib. Səsverməyə getməyəcəyini deyən respondentlər isə 12 faiz təşkil edib. Qalan 7 faiz cavab verməkdə çətinlik çəkib.

Hesabat 2015-ci il iyunun 13-15-də keçirilmiş “omnibus” tipli ictimai rəy sorğusunun nəticələri əsasında hazırlanıb. Yaşayış yeri üzrə üzbəüz müsahibə yolu ilə keçirilən sorğuda yaşı 18 və yuxarı olan 1500 nəfər iştirak edib. Nisbi xəta 2,7 faizdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi