Yuxarı

Azərbaycanda rayon-şəhər icra hakimiyyəti başçılarının müavini təyin olunan qadınların sayı açıqlanıb

Son 8 ildə min nəfərdən artıq qadın vəzifəyə təyinat alıb

Bakı. 22 oktyabr. REPORT.AZ/ "Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının 2007-2015-ci illərdə keçirdiyi müsabiqələrə 66 164 nəfər sənəd verib. Onlardan 19 812 nəfəri məhz qadınlar olub". Bu barədə "Report"a komissiyanın İnsan resurslarının idarəedilməsi və dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdiri Afaq Hüseyn məlumat verib. 

O bildirib ki, sənəd verənlərdən 4 423 nəfər boş vəzifələrə uyğun olub: "Onlardan 1 277-si qadındır. Bundan başqa, 13 336 nəfər dövlət komissiyasının keçirdiyi test imtahanlarından uğurla keçib. Test imtahanlarından uğurla keçən qadınların sayı isə 3 858 nəfər təşkil edib. Ümumilikdə 3 687 vəzifəyə təyin olunub, onlar arasında qadınların sayı 1 027 nəfərdir".

Şöbə müdiri qeyd edib ki, son iki ildə Azərbaycanda 78 qadın rayon və şəhər icra hakimiyyəti başçısının müavini təyin olunub. Onlardan 10 nəfəri 2015-ci ilin ötən dövründə təyinat alıb: "Bundan başqa, dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 28, sahibkarlar arasında 19 faizdir".

Xatırladaq ki, Dövlət Statistika Komitəsinin yaydığı məlumata əsasən, bu ilin oktyabrın 1-nə qədər məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilən şəxslərin 38,6 faizini qadınlar təşkil edib.

İqtisadi fəaliyyət növləri üzrə fərdi sahibkarların sayının gender bölgüsünə gəlincə, qadınların sayı 110 433 nəfər olub. Sahibkarlıqla məşğul olan fərdi sahibkarların 19,6 faizi isə qadınlardır.

Qadınlar "digər sahələrdə xidmətlərin göstərilməsi" fəaliyyət növündə mövcud sahibkarların ümumi sayının 29,1 faizini, "kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq"da 22,2 faizini, "ticarət; nəqliyyat vasitələrinin təmiri" fəaliyyət sahəsində isə 20,5 faizini təşkil edir.

Sahibkar qadınların 38,6 faizi Bakıda, 16,3 faizi Aran, 15,2 faizi Gəncə-Qazax, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyatdan keçib. Fərdi sahibkarların cins tərkibinin regionlar üzrə say bölgüsündən aydın olur ki, Bakıda (22,3%), Gəncə-Qazax (23,3%) və Şəki-Zaqatala (21,1%) iqtisadi rayonlarında qadın sahibkarların payı ölkə üzrə orta göstəricidən yuxarıdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi