Siyavuş Novruzov: "Bu siyasətə qarşı çıxmaq istəyənlər var"

Siyavuş Novruzov: "Bu siyasətə qarşı çıxmaq istəyənlər var" "Biz buna yol verməyəcəyik"
Daxili siyasət
14 İyul , 2015 14:51
Siyavuş Novruzov: Bu siyasətə qarşı çıxmaq istəyənlər var

Bakı. 14 iyul. REPORT.AZ/ "Azərbaycan əvvəlcədən bəyan edib ki, balanslaşdırılmış xarici siyasət yürüdür. Başqa dövlətlərdən fərqli olaraq ölkəmiz üçün böyük-kiçik qardaş məsələsi yoxdur".

Bunu "Report"a açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.

İyulun 13-də Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyevin xarici siyasətlə bağlı dediklərinə münasibət bildirən S.Novruzov qeyd edib ki, Azərbaycanda olan xalq-iqtidar birliyi, ölkənin iqtisadi inkişafı, siyasi sabitliyi bəzi ölkələri narahat edir: "Həmin ölkələr elə düşünürlər ki, Azərbaycanla münasibətlərdə böyük-kiçik qardaşlıq məsələsi həyata keçirilməlidir. Azərbaycan istər beynəlxalq təşkilatlarla, istərsə də ayrı-ayrı dövlətlərlə bərabər şəkildə tərəf müqabilidir. Hər bir dövlət Azərbaycana bu cür yanaşmalıdır. Azərbaycan bütün dövlətlərlə dostluğun, tərəfdaşlığın tərəfdarıdır. Ayrı-ayrı Avropa qurumlarının, istər Avropa Şurası, istər Avropa Parlamenti, xüsusilə Almaniya Bundestaqının ədalətsiz şəkildə mövqeyi qəbulolunmazdır. Onların heç bir hüquqi əsas olmadan bu cür mövqe sərgiləmələri doğru deyil. Almaniya Bundestaqı BMT və ya başqa böyük qurum deyil. Adi hüquqdan anlayışı olan dövlət, parlament başa düşməlidir ki, qəbul etdikləri qərarlar yalnız ölkə daxilində keçərlidir. Həmin qərarlar başqa dövlətlərin ərazisində kağız parçasıdır. Azərbaycana bu cür münasibət göstərmək olmaz. Həmin dövlətlərin qərarlarının bizim üçün heç bir əhəmiyyəti yoxdur. Əməkdaşlıqda da seçimi özümüz edirik. Biz, sadəcə, onlarla dost ola bilərik".

S.Novruzov qeyd edib ki, Azərbaycan müstəqil xarici siyasət həyata keçirir: "Xarici siyasətimizin təməlini ümümmilli lider Heydər Əliyev qoyub, bu gün də uğurla davam etdirilir. Bu siyasətə qarşı çıxmaq istəyənlər var. Biz heç bir dövlətin daxili işinə qarışmırıq, hansısa dövlətin də bizim daxili işimizə qarışmağa haqqı yoxdur. Buna yol verməyəcəyik".

Xatırladaq ki, Prezident İlham Əliyev iyulun 13-də Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Avropa Şurasını, Almaniya Bundestaqını, Avropa Şurası Parlament Assambleyasını və Azərbaycana yanaşmada ədalətsiz mövqe tutan digər qurumları sərt tənqid edib. 

Son xəbərlər

Orphus sistemi