Şirvan və Hacıqabulda Zəfər Günü münasibətilə bir sıra tədbirlər keçirilib
“Report”un Aran bürosunun məlumatına görə, Şirvan şəhərinin Məhəmməd Füzuli adına mədəniyyət və istirahət parkında ucaldılmış “Zəfər” abidəsinin ətrafında birinci və ikinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə ağacəkmə aksiyası keçirilib.
Aksiyada Şirvan şəhər İcra Hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhərin idarə və müəssisələrinin nümayəndələri iştirak edib.
Aksiya zamanı 1 000-dən çox şam ağacı, eləcə də Heydər Əliyev meydanında və Bayraq meydanında çoxlu sayda gül kolları əkilib.
Hacıqabul rayonunda da “Zəfər günü”nün ikinci ildönümü qeyd edilib. Şəhərin istirahət parkında keçirilən tədbirdə 44 günlük Vətən Müharibəsində Azərbaycan Ordusunun qazandığı şanlı zəfərdən, xalqımızın həmrəyliyindən, qəhrəman oğullarımızın döyüşlərdə göstərdiyi şücaətdən danışılıb. Eyni zamanda Azərbaycan xalqının və dövlətinin qüdrətinin rəmzinə çevrilmiş Zəfər günü münasibətilə “Zəfərin Mübarək Azərbaycan” adlı konsert proqramı təşkil olunub.