Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Aparatının İnformasiya təminatı və təhlili sektorunun müdiri vəzifəsinə təyinat olub.
"Report"un məlumatına görə, Şəmkirin icra başçısı Alimpaşa Məmmədov bununla bağlı müvafiq əmr imzalayıb.
Əmrə əsasən, bu vəzifəyə Natiq Arif oğlu Qələndərov gətirilib.
Qeyd edək ki, N.Qələndərov 20 dekabr 1989-cu ildə Şəmkir şəhərində dünyaya gəlib. Mingəçevir Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsini bitirib. Ailəlidir, iki övladı var.
O daha öncə Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Aparatında Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışıb.
İcra başçısının digər əmrinə əsasən Seyidov Elgün Sahib oğlu Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Aparatında Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Elgün Seyidov 03 oktyabr 1987-ci ildə Şəmkir rayonu Dəllər Cəyir kəndində dünyaya gəlib. Xəzər Universitetinin Humanitar və Sosial Elmlər fakültəsinin jurnalistika ixtisasını bitirib.
Ailəlidir, bir övladı var.
33 yaşlı gənc daha öncə Şəmkir Rayon İcra Hakimiyyəti başçısı aparatında İnformasiya təminatı və təhlili sektorunun müdiri vəzifəsində çalışıb.