​Səməd Seyidov: "Avropa Parlamentinin “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qətnamə ikili standartların bariz nümunəsidir"

​Səməd Seyidov: "Avropa Parlamentinin “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qətnamə ikili standartların bariz nümunəsidir" "Biz bir daha avropalı deputatları xalqların tarixi və taleyi ilə bağlı məsələlərdə ədalətli olmağa və həssaslıq nümayiş etdirməyə çağırırıq"
Daxili siyasət
16 Aprel , 2015 20:57
​Səməd Seyidov: Avropa Parlamentinin “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qətnamə ikili standartların bariz nümunəsidir

Bakı. 16 aprel. REPORT.AZ/ "Aprelin 15-də Avropa Parlamentində qondarma “erməni soyqırımı” ilə əlaqədar qəbul edilmiş qətnamə bizdə dərin təəssüf hissi doğurdu. Biz bu sənədi reallıqdan uzaq, qeyri-ciddi və ikili standartların bariz nümunəsi kimi dəyərləndiririk. Belə hesab edirik ki, bu sənəd Avropadakı erməni lobbisinin təsiri altında olan, Türkiyəyə və Azərbaycana qarşı qərəzli mövqeləri ilə seçilən dairələrin təsiri və təşviqi ilə qəbul olunub".

"Report"un məlumatına görə, bu fikirlər Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin adından komitənin sədri Səməd Seyidovun qərəzli qətnamə ilə bağlı verdiyi bəyanatda öz əksini tapıb.

Bəyanatda deyilir ki, Avropa Parlamentinin bu addımı Qərbdə, o cümlədən Avropa Parlamentində mövcud olan ikili standartların və islamofobiya əhval-ruhiyyəsinin bariz nümunəsidir. 100 il bundan əvvəl, 1915-ci ildə baş vermiş hadisələrə öz siyasi maraqları prizmasından yanaşan ermənipərəst dairələr uzaq keçmişdəki hadisələrdən anti-türk, anti-Azərbaycan, anti-İslam əhval-ruhiyyəsini qızışdırmaq məqsədi güdürlər. Əslində, tarixçilərin tədqiqat obyekti olacaq bu məsələyə müəyyən qrup avropalı deputatın faktlara əsaslanmayan bu cür mövqe sərgiləməsi birinci dəfə deyil. Ən yeni tariximizdə Xocalıda ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımı aktına, Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində öz doğma yurdlarından didərgin düşmüş 1 milyondan çox insanın hüquqlarının pozulmasına biganə qalan bu siyasətçilərin belə qeyri-ciddi davranışı təəccüb doğurur.

“Əslində müstəqil Azərbaycanın təcrübəsində ölkə beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsinə hazırlaşdığı ərəfələrdə biz bu cür addımların dəfələrlə şahidi olmuşuq. Bakıda keçirilmiş “Eurovision” mahnı yarışması, indi isə birinci Avropa Oyunları ərəfəsində bu hallar təkrarlanmaqdadır.

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri kimi bildirirəm ki, Avropa Şurasının yuxarıda göstərilən məsələlərə münasibəti də bizdə narahatlıq doğurur. Biz dəfələrlə bəyan etmişik ki, Azərbaycan nüfuzlu beynəlxalq qurumlarla, o cümlədən Avropa Şurası və Avropa Parlamenti ilə bərabərhüquqlu əməkdaşlıq etməyə hazırdır. Ancaq bu təşkilatların fəaliyyətindəki ikili standartlar bu xoş niyyəti kölgə altına alır. Biz bir daha avropalı deputatları xalqların tarixi və taleyi ilə bağlı məsələlərdə ədalətli olmağa və həssaslıq nümayiş etdirməyə çağırırıq”, - bəyanatda diqqətə çatdırılır.

Son xəbərlər

Orphus sistemi