Şəki şəhərində “Vətəndaşların seçki hüququnun təmini” mövzusunda tədbir keçirilib.
“Report”un Şimal-qərb bürosunun məlumatına görə, Şəkidə Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının birgə təşkilatçılığı ilə “Vətəndaşların seçki hüququnun təmini” mövzusunda növbəti maarifləndirici tədbir baş tutub.
Məlumata görə, tədbirdə v MSK üzvü Şaitdin Əliyev və Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı giriş nitqi ilə çıxış edib.
Bildirilib ki, MSK Milli Məclisə seçkilər ərəfəsində maarifləndirmə tədbirlərinə xüsusi diqqət ayırır. Seçki hüququnun həyata keçirilməsində ictimaiyyətin, seçicilərin, bütün seçki subyektlərinin maarifləndirilməsi baxımından belə seminar-müşavirələrin xüsusi əhəmiyyəti vurğulanıb.
Tədbirdə MSK Katibliyinin əməkdaşı Samir Tağıyev “Seçki hüququnun səmərəli təminatına konstitusional və qanunvericilik imkanları”, Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı “Müşahidəçilik institutunun əhəmiyyəti və Ombudsmanın bu prosesdə rolu” mövzusunda təqdimatla çıxış ediblər.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.