Şəkidə Gənclər Günü qeyd olunub

Daxili siyasət
  • 02 fevral, 2022
  • 18:18
Şəkidə Gənclər Günü qeyd olunub

Şəkidə 2 fevral - Gənclər Günü qeyd olunub.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, tədbir Şəki şəhər 10 saylı tam orta məktəbin akt zalında keçirilib.

Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin əməkdaşları, Vətən Müharibəsi iştirakçıları, gənclər, Yeni Azərbaycan Partiyasının Şəki Təşkilatının nümayəndələri, idarə və müəssisələrin gəncləri iştirak edib.

Keçirilən tədbir zamanı bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin 1993-cü ilin iyununda hakimiyyətə qayıdışı bütün sahələrdə olduğu kimi dövlətin gənclər siyasətində də ciddi dönüş yaradıb.​ Gənclərlə işin sistemli şəkildə təşkil edilməsi, onların demokratik və hüquqi dövlət quruculuğuna cəlb olunması məqsədilə 1994-cü ilin iyul ayında​ Gənclər və idman Nazirliyi yaradılıb. 1996-cı il fevralın 2-də gənclərin I forumu keçirilib və fevralın 2-si “Gənclər günü” elan edilib.

Daha sonra ADPU-nin Şəki filialı, Şəki Dövlət Regional Kollecin və Tibb Kollecinin tələbə gənclər təşkilatının vətənpərvərlik mövzusunda hazırladıqları kompazisiyalar nümayiş olunub.

Tədbirin sonunda il ərzində respublika səviyyəli olimpiada, müsabiqə və tədbirlərdə yüksək nailiyyətlər qazanmış 42 nəfər gənc diplom və fəxri fərmanlarla təltif olunublar.