Milli prokurorluq orqanlarının yaradılmasının 106-cı ildönümü ilə əlaqədar növbəti “Açıq qapı günü” təşkil edilib.
"Report"un Şimal-qərb bürosunun məlumatına gör, Şəki rayon prokurorluğunun yeni istifadəyə verilmiş inzibati binasında keçirilmiş tədbirdə məqsəd prokurorluq əməkdaşları üçün yaradılmış iş şəraiti, istifadədə olan kriminalistik texnika, habelə prokurorluğun tarixi keçmişi ilə media və qeyri-hökumət təşkilatlarının nümayəndələrini tanış etmək olub.
Qonaqlara prokurorluq orqanlarında aşkarlıq və şəffaflığın, vətəndaş məmnunluğunun təmin olunması, habelə ictimaiyyətlə əlaqələrin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlər barədə danışılıb, habelə Azərbaycan Respublikasının Prokurorluğunda müvafiq olaraq həyata keçirilmiş hüquqi-institusional islahatlarla bağlı iştirakçılara məlumat verilib.
Bildirilib ki, müasir texnika və rəqəmsal-informasiya sistemləri ilə təchiz olunmuş inzibati binada prokurorluğun bütün fəaliyyət istiqamətlərini bir vahid elektron platformada birləşdirən “Elektron Prokurorluq” İnformasiya-Kommunikasiya Sisteminin quraşdırılması təmin edilib, modern avadanlıqlar, kommunikasiya sistemləri, IP-telefoniya qurğuları və digər texniki chazlarla təchiz olunub.
Tədbir zamanı Şəki rayon prokuroru Mehman Xankişiyev, Baş Prokurorluğun əməkdaşı Kənan Zeynalov, rayon prokurorluğunun böyük müstəntiqi Abbas Qarayev, prokuror köməkçisi Amil Yaqubov və qurumun fəaliyyəti barədə dinləyicilərə ətraflı danışıb.
İştirakçılar inzibati bina, eləcə də kriminalistik texnika ilə əyani olaraq tanış olub, onlara “Elektron prokurorluq” informasiya sistemi əyani olaraq nümayiş olunub.
İştirakçılara ağır, çətin və şərəfli peşə olan prokurorluq əməkdaşının gündəlik həyat tərzindən bəhs edən “Valideynimin peşəsi” adlı qısa metrajlı filmi nümayiş olunub.
Sonda xatirə fotoşəkli çəkdirilib.