Azərbaycan və Türkiyədən olan yaşıdlarımla Naxçıvanda bir araya gəlmək çox sevindiricidir.
“Report”un yerli bürosunun məlumatına görə, bunu Ağbulaq İstirahət Mərkəzində təşkil olunan Azərbaycan və Türkiyədən olan şəhid övladları üçün “Yay düşərgəsi"ndə iştirak edən şəhid Ruzi İbrahimovun qızı Gülay İbrahimova jurnalistlərə açıqlamasında deyib.
Şəhid övladı qeyd edib ki, Naxçıvan sakini olaraq, düşərgənin doğma diyarda keçirilməsi onu çox sevindirib:
“Bu dəfəki “Yay düşərgəsi”nə Azərbaycanla yanaşı, Türkiyədən də şəhid övladarı qatılıb. Onlarla bir arada olmaq bizim üçün çox qürurvericidir. Düşərgə müddətində iştirakçılar ölkəmizin bu qədim diyarını doyunca gəzib, tarixini, mədəniyyətini dərindən öyrənmək imkanı qazanacaqlar.
Naxçıvanda yaşayan biri kimi diyarımız barədə bilgilərimi yaşıdlarımla bölüşəcəyəm. İnanıram ki, bu müddətdə doyunca əylənib, xoş anlar keçirəcəyik. Təşkilatçılara təşəkkürümü bildirirəm. Allah Vətən yolunda canını qurban verənlərə rəhmət eləsin”.