Sumqayıt şəhərində şəhid jurnalist Sirac Abışovun doğum günü ilə bağlı tədbir keçirilib.
"Report"un yerli bürosu xəbər verir ki, Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbir Şəhidlər Xiyabanında baş tutub.
Tədbirdə rayon icra hakimiyyətinin, YAP Qubadlı rayon təşkilatının, idarə, müəssisə və təşkilatların nümayəndələri, eləcə də, şəhidin ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra şəhidin ruhuna dualar oxunub. Tədbirdə vətənpərvərlik mövzusunda və şəhidlərimizin ruhuna həsr olunmuş şeirlər səsləndirilib.
Tədbirdə çıxış edənlər bildirib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qəhrəmanlığı, Ali Baş Komandanın qətiyyəti ermənilərin və havadarlarının bölgədəki siyasətinin iflası ilə nəticələnib. Xatırladılıb ki, bütün təzyiqlərə və təhdidlərə baxmayaraq Azərbaycan Qələbə qazanıb və tarixi ədalət bərpa olunub.
Vurğulanıb ki, Vətən müharibəsində igid oğullarımızın göstərdiyi qəhrəmanlıq sayəsində şəhidlərimizin qanı yerdə qalmayıb və onların hər birinin qisası alınıb.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin ən layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ötən illər ərzində böyük inkişaf yolu keçdiyi, dünyanın sürətlə inkişaf edən ölkələri sırasında olduğu, regionda və dünyada mövqelərini daha da möhkəmləndirdiyi diqqətə çatdırılıb.
Sonra çıxış edənlər şəhidin yaxınlarına başsağlığı veriblər və Sirac Abışov barədə xatirələrini bölüşüblər.
Şəhidin atası Abış Abışov göstərdiyi diqqət və qayğıya görə Ali Baş Komandan, Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.
Qeyd edək ki, Abışov Sirac Abış oğlu 1989-cu il avqustun 29-da Qubadlı rayonunun Dondarlı kəndində anadan olub. 1996-2007-ci illərdə Sumqayıt şəhər 40 saylı tam orta məktəbdə oxuyub.
Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dəniz Balıq Sənayesi texnikumuna daxil olub və 2009-cu ildə Gömrük ekspertizası ixtisası üzrə tam kursu bitirib.
Sonradan media sahəsinə marağı onu televiziyaya gətirib. S.Abışov Azərbaycan Televiziyasında (AzTV) operator vəzifəsində çalışırdı. O, şəhidlik zirvəsinə də elə İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad edilən ərazilərdə xidməti vəzifəsini yerinə yetirərkən ucalıb.
Belə ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) və Azərbaycan Televiziyasının (AzTV) əməkdaşları Azərbaycanın işğaldan azad olunmuş ərazilərində çəkiliş aparmağa yollanır. 2021-ci il iyunun 4-də Kəlbəcər rayonu ərazisində yerləşən Susuzluq kəndinə gedən yolda ikən onların içərisində olduğu "KamAZ" markalı sərnişin avtomobili tank əleyhinə minaya düşür. Nəticədə AZTV-nin operatoru Sirac Abışov, AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Əliyev Arif Ağalar oğlu həlak olub, dörd nəfər yaralanıb.
Prezident İlham Əliyev iyunun 14-də işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş Abışov Sirac Abış oğlu "3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.
S.Abışov ailəli idi, Özgür adında bir övladı yadigar qalıb.
Allah rəhmət eləsin!