Yuxarı

Sabahkı seçkidə "exit-poll" tədqiqatı necə keçiriləcək?

İradə Yaqubova: 400 məntəqə 285 bələdiyyəni, 64 seçki dairəsini və 52 rayonun ərazisini əhatə edəcək

Bakı. 22 dekabr. REPORT.AZ/ "ELS-Müstəqil Araşdırmalar Mərkəzi" İctimai Birliyi dekabrın 23-də Azərbaycanda keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı "exit-poll" tədqiqatını ölkə ərazisinin 400 seçki məntəqəsində həyata keçirəcək. Bunu "Report"a açıqlamasında mərkəzin rəhbəri İradə Yaqubova deyib.

Onun sözlərinə görə, 400 məntəqə 285 bələdiyyəni, 64 seçki dairəsini və 52 rayonun ərazisini əhatə edəcək: "Seçki günü hər məntəqənin çıxışında 2 sorğu aparan müsahibəçilər qutu, anketlər və tələb olunan ləvazimatla dayanacaq və hər bir məntəqə üçün əvvəldən müəyyən edilən addıma əsasən səs verib seçki məntəqəsindən çıxan seçicilərin seçimini apararaq onlara yaxınlaşıb sorğu anketini doldurmağı təklif edəcəklər".

O qeyd edib ki, prosesdə iştirak edən müsahibəçilərin hamısı əvvəldən treninq keçiblər: "Hətta onların 99 faizi keçənilki prezident seçkilərində çalışanlardır. Artıq onlar bütün lazımi təlimatı keçiblər. Bu gündən avadanlıqların, sənədlərin paylanılması prosesi başlayıb. Bakı və Sumqayıt şəhərlərinə müsahibəçiləri yola salmışıq. Digər rayonlara da bütün ləvazimatlar göndərilib.

Sabah səhər saat 08.00-da 400 məntəqənin çıxışında bizim müsahibəçilərimiz dayanacaqlar. Onu da qeyd edim ki, paylanılacaq anketlər anonimdir. Yəni orada ad, soyad və telefon nömrəsi yazılmır. Seçici anketi məxfi şəkildə yazandan sonra onu təyin olunan şəffaf qutulara atacaq. Gün ərzində həmin anketlər qutulardan qapalı şəkildə çıxarılır və səsvermə prosesi davam edir. Digər müsahibəçi isə həmin anketləri açaraq rəqəmləri verilən formaya köçürərək hesablayır və nəticələri qərargaha ötürür. Axşam saat 19.00-da isə rəqəmləri tam aldıqdan sonra təxminən 20.00-a kimi nəticələr bəlli olacaq", - İ.Yaqubova əlavə edib.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi