Seçki könüllüləri gənc seçiciləri məlumatlandırmağa başlayıb.
Bununla bağlı "Report"a Azərbaycan Könüllü Təşkilatları İttifaqından məlumat verilib.
Qeyd edilib ki, Mərkəzi Seçki Komissiyası ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən “Seçki Könüllüləri” qrupunun fəaliyyəti çərçivəsində könüllülər tərəfindən ölkəmizin ümumi inkişafına böyük töhfə verən və ilk dəfə səsvermədə iştirak edəcək gənclərimizə seçki prosedurları ilə bağlı maarifləndirici bukletlər paylanılır.
Seçki könüllüləri Bakı şəhərinin müxtəlif ərazilərində, Naxçıvan Muxtar Respublikası, Gəncə, Mingəçevir və Sumqayıt şəhərlərində fəaliyyət göstərəcəklər.
Xatırladaq ki, “Seçki könüllüləri” qrupunun məqsədi gənclər arasında seçki hüququ, seçki mədəniyyəti, seçkidə fəal iştirakı ehtiva edən vətəndaşlıq vəzifəsinin təbliğ edilməsi, xüsusilə də seçkilərdə ilk dəfə seçici kimi iştirak edəcək gənclərin məlumatlılıq səviyyəsinin və seçici fəallığının artırılmasıdır.