BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi onun beynəlxalq miqyasda artan gücünün və nüfuzunun növbəti təzahürü olacaq.
Bunu "Report"a müsahibəsində Milli Məclisin deputatı Səbinə Salmanova deyib.
Onun sözlərinə görə, COP29 konfransının Azərbaycan iqtisadiyyatına da müsbət təsirləri gözlənilir:
"Konfrans zamanı Azərbaycan öz zəngin mədəni irsini və təbii gözəlliklərini nümayiş etdirməklə yanaşı, ekoloji dayanıqlıq və yaşıl texnologiyaların inkişafı istiqamətində öz səylərini də dünya ictimaiyyətinə təqdim edəcək. Bu konfrans nəticəsində turizm sektoru canlanacaq. Tədbir yeni investisiyaların və texnologiyaların cəlb olunmasına şərait yaradacaq, "yaşıl enerji"nin inkişafını təşviq edəcək. Ölkəmizin beynəlxalq əlaqələri, diplomatiyadakı mövqeyi daha da möhkəmlənəcək. Ümumilikdə hesab edirəm ki, COP29-un ölkəmizdə keçirilməsi Azərbaycanın beynəlxalq miqyasda artan gücünün və nüfuzunun növbəti təzahürü olacaq".
Deputat qərb dairələrinin Azərbaycana qarşı apardıqları qarayaxma, ləkələmə kampaniyalarının heç bir nəticə verməyəcəyini vurğulayıb:
"Bilirsiniz, biz dəfələrlə beynəlxalq tədbirlərə, idman yarışlarına ev sahibliyi etmişik. Ancaq onların ən böyüyü məhz COP29-dur. Təəssüflər olsun ki, bəzi qüvvələr belə bir mötəbər tədbirin Azərbaycanda keçirilməsinə qısqanclıqla yanaşırlar. Bəzi Qərb dairələri və mediası Azərbaycanı nüfuzdan salmağa çalışır. Hesab edirəm ki, Qərbdə Azərbaycana qarşı aparılan belə qarayaxma, ləkələmə kampaniyası heç bir nəticə verməyəcək. Onların belə cəhdləri əbəsdir, boşuna özlərini yormasınlar! Digər mötəbər tədbirlər kimi, COP29 da Azərbaycanda yüksək səviyyədə keçiriləcək".
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.