Seçki məntəqələrində panduslar quraşdırılmalıdır.
"Report" xəbər verir ki, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Mərkəzi Seçki Komissiyası (MSK) ilə birlikdə “Vətəndaşların seçki hüququnun təmini” mövzusunda keçirilən dəyirmi masada deyib.
Onun sözlərinə görə, hər kəsin, o cümlədən əlilliyi olan şəxslərin fərdi şəkildə müstəqil səs verməsi və iradəsini ifadə etməsi, vətəndaşlara öz seçimini etmək üçün seçki məntəqələrinə pandusların quraşdırılması və digər vasitələrlə şəraitin yaradılması, gözdən əlilliyi olan seçicilərin Brayl əlifbası ilə yazılmış trafaret seçki bülletenləri vasitəsilə səs vermələrinə yaradılmış imkanların daha da genişləndirilməsi zəruridir.
Ombudsman bildirib ki, eşitmə qabiliyyəti məhdud olan seçicilərin məlumatlandırılması məqsədilə Mərkəzi Seçki Komissiyasının (MSK) bütün videoçarxlarının alt yazılı hazırlanması təcrübəsinin də davam etdirilməsi bu qrup insanların maarifləndirilməsi baxımından əhəmiyyətli olardı:
"Sərbəst və maneəsiz toplaşmaq üçün ayrılacaq açıq və qapalı yerlərdə lazımi şəraitin yaradılması (fasiləsiz elektrik enerjisinin verilməsi və s.) vəziyyətinin yoxlanılması və təkmilləşməsini zəruri hesab edirik. Həmçinin maarifləndirmə məqsədilə seçki hüququ ilə bağlı daha çox videoçarxların çəkilməsi və yayılmasını tövsiyə edirik. İnanıram ki, əvvəlki seçkilərdə olduğu kimi, cari il sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkiləri də beynəlxalq standartlara, ölkə Konstitusiyasının və seçki qanunvericiliyinin tələblərinə uyğun olaraq demokratik, azad, ədalətli, şəffaf şəkildə, əhalinin yüksək fəallığı ilə keçiriləcək".