Seçki məntəqəsində indiyə kimi heç bir neqativ hal qeydə alınmayıb.
Bunu növbədənkənar parlament seçkiləri ilə bağlı "Report"a danışan 7 saylı Səbail seçki dairəsinin 2 saylı seçki məntəqəsinin sədri Süleyman Əliyev deyib.
O bildirib ki, proses öz axarı ilə davam edir: "Müşahidəçilər, o cümlədən beynəlxalq müşahidəçilər prosesə nəzarət edirlər. Hələ ki, hər şey yaxşıdır".
Sədr qeyd edib ki, məntəqə üzrə 18 yaşdan yuxarı və ilk dəfə səs verən iki nəfər var: "İndiyə kimi 70-ə yaxın insan səs verib".
Qeyd edək ki, seçkilər ölkə üzrə 125 seçki dairəsinin ərazisində formalaşdırılmış 6 min 478 seçki məntəqəsində keçirilir. Onlardan 54-ü işğaldan azad edilmiş ərazilərdə formalaşdırılıb.
Seçki məntəqələri saat 8:00-da açılıb. Səsvermə 19:00-a qədər davam edəcək.
Parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparır. Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir.
Foto: Ehtiram Cəbiyev