Azərbaycanın maliyyə naziri Samir Şərifov Milli Məclisə növbədənkənar seçkilərdə səsvermə hüququndan istifadə edib.
“Report” xəbər verir ki, o, 35 saylı Xətai 3-cü Seçki Dairəsinin 6 saylı seçki məntəqəsində səs verib.
"Zənnimcə Azərbaycan cəmiyyətinin bütün təbəqələrini təmsil edən namizədlər seçkilərdə iştirak edirlər. Bunun üçün lazımi şərait yaradılıb. Hesab edirəm ki, artıq Azərbaycanda müvafiq ənənələr mövcuddur. Bu baxımdan da hazırkı seçkilər də şəffaf və ədalətli şəkildə həyata keçirilir", - deyə nazir qeyd edib.
Xatırladaq ki, parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparır. Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir. Seçkilər ölkə üzrə 125 seçki dairəsinin ərazisində formalaşdırılmış 6 min 478 seçki məntəqəsində keçirilir. Onlardan 54-ü işğaldan azad edilmiş ərazilərdə formalaşdırılıb. Seçki məntəqələri saat 8:00-da açılıb. Səsvermə 19:00-a qədər davam edəcək.