“Xalqımıza qarşı cinayətlər törətmiş separatçılar Azərbaycan məhkəməsi qarşısında cavab verməli olacaqlar”.
“Report”un xəbərinə görə, bunu Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev oktyabrın 14-də Bakıda “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, nə Ermənistan rəhbərliyi, nə də Qarabağdakı hərbi xuntanın başçıları ehtimal belə etmirdilər ki, gün gələcək Azərbaycan təkcə Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Laçında, Şuşada deyil, eləcə də Xankəndidə, Ağdərədə, Xocalıda, Xocavənddə nəzarətini bərpa edəcək, xalqımıza qarşı cinayətlər törətmiş separatçılar isə Azərbaycan məhkəməsi qarşısında cavab verməli olacaqlar.
“2023-cü il sentyabrın 20-də 24 saatdan az vaxt çəkən lokal antiterror tədbirləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ermənistan silahlı qüvvələrinin həmin ərazidəki bütün tör-töküntülərini, hərbi infrastrukturunu sıradan çıxartdı və hərbi xuntanı ağ bayraq qaldırmağa məcbur etdi. Bundan sonra separatçılara özünü buraxmaq barədə qərar qəbul etməkdən başqa çıxış yolu qalmadı”, - Prezident Administrasiyasının rəhbəri vurğulayıb.
Azərbaycan Ordusun artan qüdrəti barədə danışan Samir Nuriyev bildirib ki, hərbçilərimizin peşəkarlığının yüksəldilməsi istiqamətində atılan məqsədyönlü addımlar son nəticədə Azərbaycan Ordusunun dünyanın ən güclü orduları sırasına daxil olmasını şərtləndirdi:
"2018-ci il iyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə keçirilən təntənəli hərbi paradda çıxış edən Prezident İlham Əliyev bildirmişdi ki, “ordu quruculuğu bizim üçün ən başlıca, ən prioritet məsələdir. Bu da təbiidir. Çünki biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ bitməyib. Müharibənin birinci mərhələsi başa çatıb. Bizim əsas vəzifəmiz ölkəmizin ərazi bütövlüyünü bərpa etməkdir”. 2003-cü ildən sonrakı dövrdə hərbi xərclərin 15 dəfədən çox artırılması, hərbçilərin xidmət və məişət şəraitinin yaxşılaşdırılmasından tutmuş ordunun ən müasir silahlarla, texnika ilə təchizatına kimi məsələlərin effektiv həlli, o cümlədən müdafiə sənayesinin formalaşdırılması, 20-dən çox hərbi zavodun yaradılması və 1200 adda hərbi təyinatlı müxtəlif məhsulların istehsalı, hərbi-texniki sahədə dost ölkələrlə çox səmərəli əlaqələrin qurulması və inkişaf etdirilməsi, ən əsası isə ordunun döyüş qabiliyyətinin, hərbçilərimizin peşəkarlığının yüksəldilməsi istiqamətində atılan məqsədyönlü addımlar son nəticədə Azərbaycan Ordusunun dünyanın ən güclü orduları sırasına daxil olmasını şərtləndirdi".