Yuxarı
    Bağlamaq

    Sahil mühafizə zolaqlarında balıq və digər su bioresurslarının xüsusi mühafizə rejimi tətbiq ediləcək

    Bununla bağlı qərarı baş nazir Artur Rasi-zadə imzalayıb

    Bakı. 13 may. REPORT.AZ/ Nazirlər Kabineti “Su mühafizə zonalarında və sahil mühafizə zolaqlarında balıq və digər su bioresurslarının xüsusi mühafizə rejiminin tətbiq edilməsi Qaydaları”nı təsdiq edib. 

    "Report"un xəbərinə görə, bununla bağlı qərarı baş nazir Artur Rasi-zadə imzalayıb. 

    Qaydalar “Balıqçılıq haqqında” qanunun 30-cu maddəsinə əsasən hazırlanıb və su mühafizə zonalarında və sahil mühafizə zolaqlarında balıq və digər su bioresurslarının mühafizəsi məqsədi ilə xüsusi mühafizə rejiminin tətbiq qaydasını müəyyən edir.

    Eyni zamanda su mühafizə zonalarında və sahil mühafizə zolaqlarında balıq və digər su bioresurslarının xüsusi mühafizə rejimi, su obyektlərinin ekoloji tələblərə uyğun vəziyyətdə saxlanması, yerüstü və yeraltı suların çirklənməsinin, zibillənməsinin və tükənməsinin qarşısının alınması, habelə balıq və digər su bioresurslarının məskunlaşdığı mühitin qorunub saxlanması üçün su mühafizə zonaları müəyyən edilir.

    Bundan başqa, su mühafizə zonalarında su obyektinin akvatoriyasına bitişik, üzərində təbii ehtiyatların istifadəsi, mühafizəsi və digər təsərrüfat fəaliyyətinin həyata keçirilməsi üzrə xüsusi rejim müəyyən edilir. Su mühafizə zonalarının hüdudlarında sahil mühafizə zolaqları müəyyən edilir və onların ərazisində təbiətdən istifadəyə əlavə məhdudiyyətlər tətbiq edilir.

    Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçüləri, sərhədləri və istifadə rejimi Nazirlər Kabinetinin 2000-ci il 24 mart tarixli 56 nömrəli qərarı ilə təsdiq edilən “Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi Qaydaları”na uyğun olaraq müəyyən edilir.

    Su obyektlərinin balıq və digər su bioresurslarının mühafizəsi üçün xüsusi əhəmiyyət kəsb edən hissələrində sahil mühafizə zolaqlarının eni sahilyanı torpaqların mailliyi və digər xüsusiyyətlərindən asılı olmayaraq 100 metrdən az olmamaq şərtilə müəyyənləşdirilir. 

    Su mühafizə zonalarının xüsusi rejimi su obyektlərinin hidroloji, hidrokimyəvi, hidrobioloji, sanitar-gigiyenik, ekoloji vəziyyətinin yaxşılaşdırılması və onların sahilyanı ərazilərinin abadlaşdırılması üzrə təbiəti mühafizəsi üzrə kompleks tədbirlərin yerinə yetirilməsini təmin edir.

    Bu qaydaların 2.4-сü bəndinə uyğun olaraq müəyyən olunmuş su mühafizə zonalarında və sahil mühafizə zolaqlarında qiymətli balıq növlərinin kürütökmə və qışlama yerləri olan çayların, onların qollarının, göllərin və digər sututarların, habelə balıqartırma müəssisələrinin fəaliyyət göstərdiyi sahələrdə Nazirlər Kabineti tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti ilə razılaşdırılmış təqdimatı əsasında xüsusi qorunan ərazi elan edilir.

    Xüsusi qorunan ərazidə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müəyyən edilən müddətlərdə balıq və digər su bioresurslarının kürütökmə yerlərinə miqrasiyasının təmin edilməsi üçün Su Məcəlləsinin 82-ci maddəsində müəyyən olunmuş qadağalarla yanaşı, “Balıqçılıq haqqında” qanununun 9-cu maddəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq aşağıdakı tədbirlər həyata keçirilir:

    - balıq və digər su bioresurslarının kürütökmə yerlərində motorlu su nəqliyyatının hərəkətinin məhdudlaşdırılması;

    - nəzarət, elmi tədqiqat və akvakultura ovu istisna olmaqla balıq və digər su bioresurslarının ovunun qadağan edilməsi;

    - balıq və digər su bioresurslarının həvəskar və idman ovunun məhdudlaşdırılması və qadağan edilməsi.

    Xüsusi qorunan ərazinin təbii vəziyyətini dəyişdirə biləcək işlər yalnız Ekologiya və Təbii Sərvətlər Nazirliyinin razılığı ilə həyata keçirilə bilər.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti su obyektlərinin istifadəsinə və mühafizəsinə dövlət nəzarəti çərçivəsində su mühafizə zonalarında və sahil mühafizə zolaqlarında balıq və digər su bioresurslarının xüsusi mühafizə rejiminin tətbiqi sahəsində aşağıdakı səlahiyyətlərə malikdirlər:

    Su obyektlərinin istifadəsi və mühafizəsi qaydalarının pozulması nəticəsində dövlətə vurulan zərərin ödənilməsi məqsədi ilə tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə, təşkilatlara və digər hüquqi şəxslərə, Azərbaycan Respublikasının vətəndaşlarına, əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə qarşı iddia qaldırmaq;

    Su obyektlərinin istifadəsi və mühafizəsi qaydalarını pozan şəxsləri cinayət məsuliyyətinə cəlb etmək məqsədi ilə müvafiq sənədləri hüquq-mühafizə orqanlarına göndərmək;

    Suların istifadəsinə və mühafizəsinə dair müəyyən edilmiş qaydalar pozulduqda həmin işləri və bu mənbələrin suyundan istifadə olunmasını dayandırmaq.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin su mühafizə zonalarında və sahil mühafizə zolaqlarında qiymətli balıq növlərinin kürütökmə və qışlama yerləri olan çayların, onların qollarının, göllərin və digər sututarların, habelə balıqartırma müəssisələrinin fəaliyyət göstərdiyi xüsusi qorunan ərazidə baş verən neqativ proseslərin vaxtında aşkara çıxarılması və qiymətləndirilməsi, bu proseslərin inkişafının proqnozlaşdırılması və zərərli təsirinin qarşısının alınması, həyata keçirilən balıq mühafizə tədbirlərinin səmərəliliyinin təmin edilməsi məqsədi ilə aşağıdakı hüquqları vardır:

    Balıqçılıq su obyektlərinin balıq təsərrüfatı monitorinqi çərçivəsində onların ixtioloji və hidrogeoloji göstəricilərinə müntəzəm müşahidələr aparmaq və zəruri nümunələr götürmək;

    Dövlət orqanlarının, bələdiyyələrin, fiziki və hüquqi şəxslərin balıq və digər su bioresurslarının mühafizəsinə təhlükə yaradan, “Ekoloji təhlükəsizlik haqqında” və “Balıqçılıq haqqında” Azərbaycanın qanunlarına və xüsusi mühafizə rejiminə zidd olan fəaliyyətlərini dayandırmaq;

    Balıq və digər su bioresurslarının xüsusi mühafizə rejimini pozan şəxslərin sənədlərini yoxlamaq, nəqliyyat vasitələrini saxlamaq, qanunvericiliklə müəyyən edilmiş qaydada nəqliyyat vasitələrini, gəmiləri, ov alətlərini, balıq və digər su bioresurslarının əldə edilməsinin qanuniliyini yoxlamaq, hüquqpozmaya səbəb olmuş alətləri, cihazları və əşyaları, qanunsuz əldə edilmiş balıq və digər su bioresurslarını, qanunsuz ov alətlərini götürmək;

    Balıq və digər su bioresurslarının xüsusi mühafizə rejiminin pozulmasına görə qanunvericiliklə müəyyən olunmuş qaydada inzibati xəta haqqında protokollar tərtib etmək.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyi balıq və digər su bioresurslarının xüsusi qorunan ərazidə xüsusi mühafizə rejiminin tətbiqi və onun müddətləri barədə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyini, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətini, yerli icra hakimiyyəti orqanlarını və bələdiyyələri rəsmi qaydada məlumatlandırmalıdır.

    Su mühafizə zonalarında və sahil mühafizə zolaqlarında təsərrüfat fəaliyyətlərini həyata keçirən hüquqi və fiziki şəxslər xüsusi qorunan ərazidə xüsusi mühafizə rejiminin tətbiq müddətləri barədə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi internet səhifəsi və kütləvi informasiya vasitələri vasitəsilə məlumatlandırılır. Nazirlik zərurət olduqda hüquqi və fiziki şəxsləri əlavə olaraq yazılı məlumatlandırır.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən su mühafizə zonalarında və sahil mühafizə zolaqlarında qiymətli balıq növlərinin kürütökmə və qışlama yerləri olan çayların, onların qollarının, göllərin və digər sututarların, habelə balıqartırma müəssisələrinin fəaliyyət göstərdiyi xüsusi qorunan ərazidə əhalini məlumatlandırmaq üçün mühafizə olunmasını göstərən məlumatlandırıcı və şəraitdən asılı olaraq müvafiq qadağanı ifadə edən xəbərdarlıq nişanları və ya xəbərdarlıq lövhələri quraşdırılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi