Sabirabadda şəhid polkovnik-leytenantın büstünün və xatirəsinə tikilmiş bulağın açılışı olub  

Sabirabadda şəhid polkovnik-leytenantın büstünün və xatirəsinə tikilmiş bulağın açılışı olub   Sabirabadda Azərbaycanın Milli Qəhrəmanı, Aprel döyüşlərinin şəhid polkovnik-leytenantının büstünün və xatirəsinə tikilmiş bulağın açılışı olub.
Daxili siyasət
29 Aprel , 2023 21:01
Sabirabadda şəhid polkovnik-leytenantın büstünün və xatirəsinə tikilmiş bulağın açılışı olub  

Sabirabadda Azərbaycanın Milli Qəhrəmanı, Aprel döyüşlərinin şəhid polkovnik-leytenantının büstünün və xatirəsinə tikilmiş bulağın açılışı olub.

“Report”un Aran bürosunun məlumatına görə, mərasim Xüsusi Təyinatlı Qüvvələrinin şəhid zabiti Murad Mirzəyevin doğulduğu evin yaxınlığında baş tutub. Büstün və xatirə bulağının açılışında şəhidin doğmaları, Rayon İcra Hakimiyyətinin rəsmiləri, Milli Məclisin deputatı Fəzail Ağamalı, Şəmistan Əlizamanlı, Müdafiə Nazirliyinin, Azərbaycan-Türk Birliyinin əməkdaşları, şəhid ailələri, qazilər, məktəblilər və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.

Mərasimdə çıxış edənlər Aprel döyüşlərinin şəhidi Murad Mirzəyevin qısa, lakin şərəfli həyat və xidmət yolundan, döyüşlər zamanı göstərdiyi şücaət və qəhrəmanlıqlardan söz açıblar.

Qeyd olunub ki, Aprel döyüşlərində bir sıra strateji yüksəkliklərin düşməndən azad edilməsində Murad Mirzəyevin komandiri olduğu qrupun əvəzsiz xidməti olub və o, baş verən qeyri-bərabər döyüşdə canından keçərək qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. 44 günlük Vətən müharibəsində torpaqlarımız düşmən tapdağı altından azad edilərək şəhidlərimizin qisası alınıb.

Sonra “Vətən şəhidləri” abidə kompleksin qarşısında ucaldılmış şəhidin büstünün və xatirəsinə inşa edilmiş bulağın açılışı olub. Büstün və bulağın önünə gül dəstələri düzülüb.

Məktəblilər Murad Mirzəyevə, şəhidlərimizə, torpağa, Vətənə həsr olunan şeirlər söyləyiblər.

Sonda şəhid zabitin atası Telman Mirzəyev oğluna və onların ailəsinə göstərilən diqqət və qayğıya görə, tədbir iştirakçılarına öz minnətdarlığını bildirib.

Qeyd edək ki, Murad Telman oğlu Mirzəyev 1976-cı ildə Sabirabad rayonunun Muğan Gəncəli kəndində doğulub. O, 2016-cı il aprelin 2-də Tərtər rayonunun Talış kəndi istiqamətindəki yüksəklikləri düşməndən azad edərkən şəhidlik məqamına ucalıb. Ölümündən sonra Prezident İlham Əliyevin sərəncamı ilə Murad Mirzəyevə Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilib.

Son xəbərlər

Orphus sistemi