Yuxarı

​Rüstəm İbrahimbəyovun fikirləri Milli Şurada narazılığa səbəb olub

Onun mövqeyi ilə razı deyiləm

Bakı. 23 iyun. REPORT.AZ/ "Rüstəm İbrahimbəyovun mövqeyi ilə razı deyiləm. Biz ermənilərlə əlimizdə dəyənək tutub qonşuluq etməliyik".

Bunu "Report"a açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Ali Məclisinin sədri, Milli Şuranın üzvü Rafiq Manaflı Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyovun fikirlərinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Rüstəm İbrahimbəyov sovet dövründə ermənilərlə birgə yaşadığından bu cür düşünür: "Erməni ictimaiyyətində də Rüstəm İbrahimbəyov kimi adamlar var. Bu insanlar iki xalq arasında düşmənçiliyə son qoyulmasına çalışırlar. Mən İbrahimbəyovun dövrünün adamı deyiləm. Ümumiyyətlə, Rüstəm müəllimin mövqeyi ilə razı deyiləm. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində baş verənləri gözlərimlə görmüşəm. Amma həm də dərk edirik ki, əbədi düşmənçilik ola bilməz. Barış olacaq, amma bu, Rüstəm İbrahimbəyovun dediyi kimi olmayacaq. Dərk etməliyik ki, bunu asanlıqla həll etmək olmaz. Ötən əsrin əvvəlində ermənilərin bizə qarşı vəhşiliyini unutdurdular. 1990-cı illərdə baş verənləri isə unutmamalıyıq. Biz ermənilərlə əlimizdə dəyənək tutmaqla qonşuluq etməliyik".

R.Manaflı qeyd edib ki, Milli Şura yarananda Rusiya məsələsində Rüstəm İbrahimbəyovla müxalifət düşərgəsi arasında fikir ayrılığı olub: "Müxalif qüvvələrin bir yerə toplanmasında Rüstəm müəllimin əvəzsiz xidmətləri olub. İndi isə onun Milli Şurada fəaliyyəti yoxdur, sadəcə, fəxri sədrdir. Yəni, Milli Şuranın fəaliyyətinə təsir etmək imkanları yoxdur. Krımla bağlı mövqeyimiz birmənalıdır. Milli Şura ilə bağlı müəyyən narahatlığımız var idi. Cəmil Həsənli sədr olduqdan sonra narahatlığa son qoyuldu. Yəni, Milli Şura milli şüur istiqamətində fəaliyyətini davam etdirdi".

Milli Şuranın Koordinasiya Şurasının üzvü Vidadi Mirkamal da "Report"a açıqlamasında Rüstəm İbrahimbəyovun mövqeyi ilə razılaşmadığını qeyd edib: "Bizim Krımla və digər məsələlərlə bağlı mövqeyimiz birmənalıdır. Hətta Rusiyanın Krımı ilhaq etməsini pisləmişik. Kimsə başqa cür düşünürsə, bu, onun problemidir".

Milli Şuranın sədri Cəmil Həsənli isə Rüstəm İbrahimbəyovun mövqeyini dəstəkləyib. O R.İbrahimbəyovun ermənilərlə bağlı dediyi fikrə görə tənqid olunmasını pisləyib. C.Həsənli Milli Şuranın fəxri sədrinin Krımla bağlı dediklərinə də münasibət bildirib: "Rüstəm İbrahimbəyov Moskvada yaşayan çox az ziyalılardandır ki, Rusiyanın Krımı işğal etməsini açıq şəkildə pisləyib və bu işğalın əleyhdarlarının sırasında olub. Bəziləri İbrahimbəyovun Krımın 1954-cü ilə kimi Rusiyanın tərkibində olması faktını söyləməsindən nəisə bir kriminal düzəltmək istəyirlər. Bildiyiniz kimi, XVIII əsrdə Krım xanlığı ləğv edildikdən sonra yarımada Rusiyaya ilhaq edildi. Bolşevik inqilabına qədər imperiyanın, 1954-cü ilə kimi isə Rusiya Sovet Federativ Sosialist Respublikasının tərkibində olub, Ukraynanın Rusiyaya birləşməsinin 300 illiyi ilə bağlı Nikita Xruşşov tərəfindən Ukraynaya verilib. Burada mübahisə etməli nə var?"

AXCP isə R.İbrahimbəyovun fikirlərinə münasibət bildirməkdən imtina edib.

Qeyd edək ki, Milli Şuranın fəxri sədri xarici mətbuata müsahibəsində deyib ki, azərbaycanlılar ermənilərlə düşmən deyillər və gec-tez mütləq barışacaqlar: "Ermənistan və Azərbaycan xalqları baş verənlərə görə günahkar deyillər. Və mən hər iki tərəfdən aqressiv ritorikanın əleyhinəyəm".

Onun digər qalmaqala səbəb olan fikri isə Krımla bağlıdır. O deyib ki, Krım daha əvvəllər Rusiyaya məxsus olub: "Uşaqlıqda Tolstoyun "Sevastopol hekayələri"ni oxuyan istənilən şəxs kimi mən də hesab edirəm ki, Krım Rusiya torpağıdır. Bu torpaqlar Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Nikita Xruşşovun dövründə Ukraynaya keçib. SSRİ dağılanda Rusiya prezidenti Boris Yelstin bu məsələni həll etmədi, hərçənd kifayət qədər sadə və münaqişəsiz şəkildə buna nail ola bilərdi. Sonra uzun müddət nədənsə heç kim bundan narahat olmadı".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi