Ermənistanın baş naziri Nikol Paşinyan sülh sazişinin imzalanması imkanını əngəlləyir.
"Report"un məlumatına görə, bu barədə jurnalistlərə rusiyalı politoloq Sergey Markov deyib.
O, Azərbaycana qarşı hər hansı ərazi iddialarını istisna etmək üçün Ermənistan konstitusiyasının dəyişdirilməsinin zəruriliyini qeyd edib, lakin politoloqun fikrincə, hətta bu proses də süni şəkildə ləngidilir.
“Nikol Paşinyan konstitusiyaya dəyişikliyi 2027-ci ilə qədər təxirə salmağı qərara alıb ki, bu da təxribatdır”, - S.Markov bildirib.
O hesab edir ki, Nikol Paşinyan daha çox hərbi yardım almaq üçün regionda münaqişə illüziyasını saxlamağa çalışır. “Bu, digər məsələlərlə yanaşı, Cənubi Qafqaz regionuna hərbi missiyaların cəlb edilməsi, Paşinyana daha çox silah verilməsi və Qərb ölkələri, ilk növbədə, Fransa və ABŞ-ın bazalarının yaradılması üçün lazımdır”, - o qeyd edib.
Politoloqun fikrincə, İrəvan Cənubi Qafqaz regionunda sabitliyi pozmağa çalışır. “Bu, bütün region ölkələrini - Azərbaycan, Rusiya, Türkiyə, İran və hətta ola bilsin ki, Gürcüstanı Ermənistanın tamamilə destruktiv rolunun qarşısını almaq üçün birləşməyə məcbur edir”, - o əlavə edib.
S.Markov həmçinin vurğulayıb ki, ATƏT-in keçmiş Minsk qrupu Azərbaycanda separatizmi dəstəkləməkdə davam edir: “Bu, siyasi meyitdir. Əlbəttə ki, Minsk qrupu ləğv edilməlidir”, - o əlavə edib.