Azad olunmuş ərazilər beynəlxalq təşkilatların müşahidə apardığı dünyanın bir çox ərazilərindən daha təhlükəli deyil.
Bunu “Report”a müsahibəsində Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov deyib.
MSK sədrinin müavini bildirib ki, Mərkəzi Seçki Komissiyası həmişə beynəlxalq müşahidəçiləri bütün məntəqələrdə prosesi müşahidə etməyə dəvət edir: "İşğaldan azad edilmiş ərazilərdə 26 məntəqədə ilk dəfə seçkilərin keçirildiyini nəzərə alsaq, bu ərazilərdə beynəlxalq müşahidəçilərin müşahidələr aparması çox önəmlidir. Xüsusilə, böyük qruplarla ilə təmsil olunan ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, eyni zamanda Müstəqil Dövlətlər Birliyinin müşahidəçilərinin bu ərazilərdə aktiv müşahidə aparacağına ümid edirik. ATƏT-in təhlükəli hesab etdiyi ərazilərdə belə aktiv müşahidə aparmasının zaman-zaman şahidi olmuşuq".
R.Qasımov xatırladıb ki, o özü şəxsən 2001-ci ildə Kosovoda müharibədən qısa müddət sonra keçirilən seçkilərdə ATƏT-in təmsilçisi qismində seçki supervayzeri olaraq iştirak edib.
"Sözügedən seçkilər keçirildiyi zaman Kosovo ərazilərində mina təhlükəsi də daxil olmaqla, bir sıra təhlükələr mövcud idi. O cür təhlükələrin mövcud olduğu bir şəraitdə ATƏT və digər beynəlxalq qurumlar seçkilərdə tam fəal müşahidələr aparırdı və supervayzerlik də daxil, bir sıra fərqli missiyalarını da təsis etmişdi. Ümid edirik ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu özünün əvvəlki təcrübələrindən irəli gələrək bu seçkilərdə işğaldan azad edilmiş ərazilərimizdə seçki prosesinin müşahidəsinə qoşulacaq",- qurum rəsmisi xatırladıb.
R.Qasımov vurğulayıb ki, burada hər hansı təhlükə gözləməyə ehtiyac yoxdur, çünki həmin ərazilərimizdə artıq seçki məntəqələri fəaliyyət göstərir: "Müqayisə etsək, bizim işğaldan azad edilmiş ərazilərimiz heç də beynəlxalq təşkilatların müşahidə apardığı dünyanın bir çox ərazilərindən daha təhlükəli deyil. Bu baxımdan, ümid edirik ki, onlar da bu prosesdə fəallıq nümayiş etdirəcəklər".
Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımovla müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.