Yuxarı
    Bağlamaq

    Robert Sekuta və xanımı Masallıya səfər edib - FOTO

    İcra başçısı səfir və onun xanımı ilə görüşüb© Report.az

    Bakı. 9 mart. REPORT.AZ/ ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Masallıda səfərdə olub. 

    "Report"un Cənub bürosunun verdiyi məlumata görə, Masallı Rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov ABŞ səfiri Robert Sekuta və xanımı ilə görüşüb.

    Heydər Əliyev Mərkəzinə gələn rəsmi qonaqları rayonun folklor rəqs qrupu qarşılayıb. 8 mart - Beynəlxalq Qadınlar Günü ərəfəsində səfir və xanım Sekuta ABŞ hökumətinin Azərbaycanın Cənub bölgələrində qadınların hüquq və imkanlarının genişlənməsini və iqtisadi şaxələnməni dəstəklədiklərini bildiriblər. Səfir və xanım Sekuta qadın sahibkarlığını təbliğ edən Qadın Resursları Mərkəzini (QRM) və gənclərinin bacarıqları üzrə təlim və məşğulluq sahəsində şəbəkənin yaradılması üzrə SYSLAB Təlim Mərkəzini ziyarət ediblər. Bu mərkəzlər ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilir və Azərbaycan hökuməti ilə tərəfdaşlıq çərçivəsində BMT-nin İnkişaf Proqramı (UNDP) tərəfindən idarə olunur.

    QRM yalnız Masallı rayonunda 500-dən çox qadın və onların ailələrinə dəstək göstərir. Bundan əlavə, xanım Sekuta qadınların qlobal problemlərini müzakirə etmək məqsədilə icmanın qadın üzvləri ilə "dəyirmi masa" keçirib. 

    R.Sekuta və xanımı səfər çərçivəsində rayonda fəaliyyət göstərən iki sahibkar qadının toxuculuq sexində və çörək sexində də olublar. Daha sonra səfir SYSLAB Mərkəzinin məzunlarının çalışdığı "ASAN Həyat" Mərkəzinə baş çəkib. 

    Qeyd edək ki, səfirin günün ikinci yarısında Lənkərana səfəri gözlənilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi