“Rəy” Monitorinq Mərkəzi Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində apardığı “exit-poll”un nəticələrini açıqlayıb.
“Report” xəbər verir ki, nəticələrə əsasən hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev seçicilərin 92,60 faizinin səsini qazanıb.
Mərkəzin direktoru Rizvan Abbasov bildirib ki, digər namizədlər nisbi xəta faizindən də aşağı nəticə əldə ediblər: "Ona görə də onların faizlər üzrə yerləri nisbidir".
“Exit-poll”un nəticələrinə əsasən, Fuad Ağası oğlu Əliyev 0,84, Qüdrət Müzəffər oğlu Həsənquliyev 0,46, Elşad Nəbi oğlu Musayev 0,11, Fazil Qəzənfər oğlu Mustafa 0,58, Razi Qulaməli oğlu Nurullayev 1,16, Zahid Məhərrəm oğlu Oruc 0,37 səs qazanıb.
Mərkəz 33 seçki dairəsi üzrə 200 seçki məntəqəsində “exit-poll” keçirib. Prosesdə ümumilikdə supervayzer və intervyüer qismində 300 nəfərə yaxın əməkdaş iştirak edib.
Qeyd edək ki, bu gün Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparıb.