Sosial Tədqiqatlar Mərkəzinin Prezident İlham Əliyevin bu ilin ilk dörd ayı (yanvar-aprel) üzrə fəaliyyəti ilə bağlı keçirdiyi sosioloji sorğu zamanı Prezidentin şəhid ailələrinə və müharibə iştirakçılarına qayğı və dəstək fəaliyyətindən respondentlərin 76,9%-i çox razı, 17,2%-i əsasən razı olduğunu bildirib.
Mərkəzdən “Report”a verilən məlumata görə, sorğunun keçirilməsində məqsəd dövlət başçısının ictimai-siyasi fəaliyyətinin müxtəlif istiqamətləri, eləcə də bəhs edilən dövrdə həyata keçirilən başlıca tədbirlərə vətəndaşların münasibətini öyrənməklə müvafiq qərarların qəbulunda ictimai rəyə istinad edilməsinə şərait yaratmaqdır.
Sosioloji sorğu əsasında öyrənilən vətəndaş rəyi aşağıdakı kimidir:
Prezidentin müxtəlif istiqamətlərdə ictimai-siyasi fəaliyyətinə münasibətlə bağlı bütün istiqamətlər üzrə fəaliyyəti vətəndaş rəyində müsbət qiymətləndirilməklə ilk sıralarda 1) hərbi quruculuq (88,3% çox yaxşı, 10,5% əsasən yaxşı), 2) xarici siyasət (84,8% çox yaxşı, 13,8% əsasən yaxşı), 3) vətənpərvər, sağlam və intellektual gəncliyin yetişdirilməsi istiqamətində (83,1% çox yaxşı, 14,5% əsasən yaxşı) strateji fəaliyyəti qərarlaşıb.
Hesabat dövründə Prezidentin xarici ölkələrə səfərləri üzrə respondentlərin ən çox məlumatlı olduğu (92,2%) 10 mart 2022-ci il tarixində Türkiyəyə səfəri və Prezident Rəcəb Tayyib Ərdoğanla görüşü, müqayisə etibarilə nisbətən az məlumatlı olduğu (82,9%) 06 aprel 2022-ci il tarixində etdiyi Brüssel səfəri və Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistan Baş naziri ilə üçtərəfli görüşü olub. Prezidentin Türkiyəyə səfəri və R.T.Ərdoğanla görüşünü respondentlərin 81,6%-i çox əhəmiyyətli, 9,3%-i əsasən əhəmiyyətli kimi qiymətləndirib.
Prezidentin sosial müdafiə istiqamətində fəaliyyəti respondentlərin 63,8%-i tərəfindən çox yaxşı, 28,5%-i tərəfindən əsasən yaxşı kimi qiymətləndirilib. O cümlədən, Prezidentin şəhid ailələrinə və müharibə iştirakçılarına qayğı və dəstək fəaliyyətindən respondentlərin 76,9%-i çox razı, 17,2%-i əsasən razı olduğunu bildirib.
Prezidentin əhalinin sağlamlığının qorunması istiqamətində fəaliyyətini respondentlərin 68,3%-i çox yaxşı, 24,9%-i əsasən yaxşı kimi qiymətləndirib.
Prezident tərəfindən aparılan kadr islahatları respondentlərin 57,2%-i tərəfindən çox yaxşı, 30,3%-i tərəfindən əsasən yaxşı kimi dəyərləndirilib.
Prezidentin korrupsiya ilə mübarizə istiqamətində fəaliyyəti respondentlərin 60,8%-i tərəfindən çox yaxşı, 26,7%-i tərəfindən əsasən yaxşı kimi qiymətləndirilib. O cümlədən, cari il ərzində dövlət başçısı tərəfindən təsdiq edilən “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın mümkün nəticələri kimi 51,1%-i korrupsiyaya qarşı mübarizədə şəffaflığı artıracağı, 40,8%-i göstərilən xidmətlərin keyfiyyətini yüksəldəcəyi, 26,6%-i korrupsiya hallarına qarşı ictimai nəzarəti və vətəndaş cəmiyyəti institutlarının rolunu artıracağı, 21,4%-i idarəetmə mexanizmlərini, 18,2%-i qanunverici bazanı təkmilləşdirəcəyi, 6,2%-i heç bir təsiri olmayacağı variantlarını qeyd edib. Ümumilikdə sorğu iştirakçılarının 23,4%-i sözügedən Milli Fəaliyyət Planı haqqında məlumatsız olduğunu bildirib.
Prezidentin ölkədə ictimai-siyasi sabitlik istiqamətində fəaliyyəti respondentlərin 75,0%-i tərəfindən çox yaxşı, 22,4%-i tərəfindən əsasən yaxşı kimi qiymətləndirilib.
Prezidentin qeyri-neft sektorunun inkişafı sahəsində fəaliyyətini respondentlərin 65,9%-i çox yaxşı, 25,8%-i əsasən yaxşı kimi qiymətləndirib.
Azərbaycanın karbohidrogen ehtiyatlarından asılılığı azaldaraq bərpa olunan enerji resurslarına yönəlməsini respondentlərin 53,7%-i çox yaxşı, 21,3%-i isə əsasən yaxşı qiymətləndirib. 22,5% respondent bu sahədə görülən işlərdən məlumatsız olduğunu bildirib. O cümlədən, Prezidentin daima diqqət mərkəzində saxladığı məsələlərdən biri kimi işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılmasını, Qarabağın yaşıl enerji zonasına çevrilməsini respondentlərin mütləq əksəriyyəti yüksək qiymətləndirib (88,2% çox yaxşı, 7,5% əsasən yaxşı). Respondentlərin 3,3%-i bu barədə məlumatlı olmadığını bildirib.
Mövcud geosiyasi zəmində xüsusən aktual olan əhalinin ərzaq təhlükəsizliyi və keyfiyyətli ərzaqla təminatı sahəsində dövlət başçısının fəaliyyəti respondentlərin 59,8%-i tərəfindən çox yaxşı, 30,1%-i tərəfindən əsasən yaxşı qiymətləndirilib.