Bakı. 11 dekabr. REPORT.AZ/ “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun “Report”a müsahibəsi:
- Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) ilə “Yeni Müsavat” qəzeti arasında baş verən gərginliyin səbəbi nədir?
- Gərginliyin səbəbi Əli Kərimlinin bizə münasibəti ilə bağlıdır. Prosesin davam etdiyi 17 il ərzində baş verən enib-qalxmaları və münaqişəni təhlil edəndə, belə bir səhnə ortaya çıxır ki, bu adam bizi həddən artıq yüksək dəyərləndirir. İstəyir ki, biz onun yanında olaq, istəyi həyata keçməyəndə, konkret təklifləri icra edilməyəndə bizim üstümüzə gəlir, şərləyir, böhtan atır, gözdən salmağa çalışır. Paralel olaraq, həm də çalışır ki, Müsavat Partiyası ilə “Yeni Müsavat” qəzetinin münasibətləri pisləşsin. Qısa desək, bir partiya liderinin maneə hesab etdiyi qəzetə savaş açması konfliktlərə gətirib çıxarır. Bu savaş isə heç zaman bizim tərəfdən başladılmayıb.
- Xüsusilə, bu gərginliyin seçkiöncəsi mərhələlərdə pik həddə çatmasının əsas səbəbi nədir, kökündə nə durur?
- Əli Kərimlinin siyasi qaşınma periodu var, bu, ildə bir dəfə, ilin sonunda tutur. Obrazlı desək, hər dəfə də özünü bizim qəzetə sürtür. Ötən ilin bu zamanlarında da bu məsələ var idi. Prosesləri araşdırsanız, görərsiniz ki, gərginlik hər dəfə payızın son aylarına təsadüf edir. Bizim abrımızı müdafiə etməkdən başqa yolumuz yoxdur. Biz xəbər yayımı və istehsalı ilə məşğuluq, o isə bekar adamdır, 20 ildən artıqdır ki, işsizdir. Bizsə gündəlik işimizlə məşğuluq. Hətta bu halda belə, siyasi avaraların hücumuna məruz qalmağımıza baxmayaraq, bu prosesi də xəbər halına salıb, Azərbaycanın xəbər məkanını maraqlı etməyə çalışırıq.
- Siz “Azadlıq” qəzetini məhkəməyə verirsiniz, proses nə yerdədir?
- “Azadlıq” qəzeti ilə bağlı məhkəməyə dekabrın 10-da müraciət olunub. Qəzeti məhkəməyə ötən həftə verməli idik, amma gördük ki, haqqımızda böhtan və təhqir intensivləşib, məhkəməyə arqumentlər istehsal edirlər, ona görə də gözlədik ki, məsələni daha da arqumentləşdirək. Çünki açıq təhqirlər, mənim cinayət əməlində iştirakıma dair iddialar var. Məhkəməyə müraciət etdikdən sonra bunlarla bağlı deyişmələrin əhəmiyyətli hissəsini dayandıracağıq, çünki bunun mənası qalmır. Artıq, iş hüquqi müstəvidə həll ediləcək. Onlar nə deyiblərsə, sübut etmək məcburiyyətində qalacaqlar. Demirlər, vətən xainiyik, satqınıq, müxtəlif əməllərdə iştirak etmişik? Bunların hamısının cavabını həmin qəzet məhkəmədə verəcək. AXCP funksionerləri və yetkililəri ilə bağlı da məhkəməyə müraciət ediləcək. Amma bununla bağlı hələ iddia ərizəsi hələ hazırlanmayıb. Onların sosial şəbəkələrdə və ayrı-ayrı qəzetlərə verdikləri müsahibələr, yazdıqları yazılar kopyalanır, bundan sonra məhkəməyə müraciət edəcəyik.
- Milli Şura yarananda “Yeni Müsavat” qəzeti həmin layihəni Rusiya ilə əlaqələndirdi, buna baxmayaraq, üzvü olduğunuz Müsavat Partiyası da həmin quruma qoşuldu. Sonradan isə partiya Milli Şuradan ayrıldı. Belə iddialar var ki, Müsavat Partiyasının Milli Şuradan ayrılmasına Siz səbəb olmusunuz. Bu iddialar nə qədər əsaslıdır?
- Milli Şuranın Rusiya layihəsi olduğunu indi də deyirəm. Müsavat Partiyası həmin quruma qoşulmaqla səhv addım atdı. Partiyanın Milli Şuradan çıxmasında isə heç bir rolum olmayıb, çünki partiyanı idarə etmirəm, sadəcə təşkilatı idarə edənlərlə dostam. Partiya ilə bağlı fikirlərimi, tənqidlərimi onlara həmişə açıq demişəm. Dostlarım da bilirlər ki, açıq sözlüyəm, nəyisə gizlətmədən fikirlərimi birbaşa söyləyirəm. Müsavat Partiyasının Milli Şuraya daxil olması tarixi səhv idi, partiya bu prosesdə iştirak etməməli idi. Belə olmasaydı, indi tamam başqa vəziyyət yaranmış olardı. Təəssüf ki, təşkilatımızı bu səhvdən yayındırmağa gücüm çatmadı. Mən sıravi üzvəm, partiyada elə də gücüm yoxdur. Amma sonda nə baş verdiyini hər kəs anladı. Nəhayət, yanlış qərardan geri dönməyin faydalı olduğunu qəbul etdilər. Əvvəlcədən də dediyimiz ki, Milli Şura Azərbaycan siyasi tarixində faciəvi rol oynadı. Nə vaxtsa, Azərbaycanda vəziyyəti dəyişə biləcək koalisiyanın oxşarı olan yalançı koalisiya quruldu, proseslər önləndi. “Ziyalı - cəmiyyət”, “ziyalı - müxalifət” modeli sıradan çıxarıldı. Bu, Azərbaycanda ola bilərdi. Bundan sonra ölkədə rəzil durum yarandı. Azərbaycan müxalifəti MDB ölkələrindəki bütün müxaliflərdən ən güclüsü, ən dözümlüsü və etibarlısı idi. Maddi resursu sıfır olsa da, insani resursu kifayət qədər çox idi. Müxalifəti o yerə gətirdilər ki, indi insani resurs da yoxdur. Hazırda hakimiyyət ən güclü vəziyyətdədir.
Üstəlik, müxalifəti bu duruma salanlar bizi iqtidara işləməkdə suçlayırlar. Bir media quruluşu hakimiyyətə necə işləyə bilər ki?! Bu, necə olur? Media quruluşunda hər şey açıqdır, aydındır və yazı şəklində ifadə olunur. Bütün düşərgələrə aid xəbərləri vermək medianın işidir. Bizdə isə müxalifət funksionerləri deyirlər ki, iqtidarın xəbərini verirsənsə, satqınsan. Eyni vəziyyət iqtidar qəzetlərində də var, yəni, müxalifətdən nəsə vermək olmaz. Bu, Leninizm yanaşmasıdır. Kommunist dövründə qəzetlərin partiyalılığı deyilən düstur mövcud idi. Yəni, hər qəzet mütləq partiyalı olmalı idi və həmin partiyanın mövqeyindən çıxış etməli idi. “Azadlıq” qəzeti Xalq Cəbhəsinin, “Yeni Azərbaycan” qəzeti YAP-ın mövqeyindən çıxış edir. Mənə də tələb budur ki, ya müxalifətin, ya da Müsavat Partiyasının mövqeyindən çıxış edim. Mən də bu modellə razı deyiləm. Çünki bu, gerilikçi bir şeydir. Biz tənqidçi mediayıq, müxalifət deyilik. Biz müxalifik, tənqidçiyik, amma hakimiyyətə münasibətdə də, müxalifətin irəliyə doğru atılan addımlara qarşı yönələn nəyi varsa, ona da müxalifik. Biz müxalifətin anormal tələblərinə belə müxalifətdəyik. Dostlarımız var ki, harada olmasından asılı olmayaraq, dəstək vermişik, amma müəyyən periodda iki dəfə tənqid etmişik, bizimlə salamı kəsib. Bu, nə zəkadır? Hesab edirəm ki, hazırda Azərbaycan müxalifəti bütövlüklə hakimiyyətə işləyir, onun möhkəmlənməsinə xidmət edir. Çünki ortaya qoyduğu fəaliyyət, metodlar yanlışdır, hakimiyyətə gəlmə məsələsi gündəmdə yoxdur, strategiyada belə yoxdur. Üstəlik, daxili münaqişələrlə düşərgəni gücdən salırlar. Güc tətbiq edən hakimiyyətin metodlarına qarşı doğru-dürüst addım ata bilmirlər. Hər kəsin öz mandatı var; Rauf Arifoğlunun mandatı “Yeni Müsavat” və ona bağlı olan media quruluşlarını böyütmək, bu mümkün olmasa, onların mövcudluğunu saxlamaqdır. Mən kimsənin işinə qarışa bilmərəm, sadəcə, fikir söyləyə bilərəm. Müxalifətin də mandatı bu cür müəyyən olunur, onların mandatı mənim sərhədlərimə qədərdir, mənim sərhədlərimə girə bilməzlər.
- Hazırda Müsavat Partiyası AXCP ilə əməkdaşlıq etmək niyyətindədir. Bunu necə qarşılayırsınız?
- Münasibətim normaldır. Müxalif düşərgədə olan hər bir təşkilat ciddi bir əsas, problem yoxdursa, digərləri ilə funksional əməkdaşlıq etmək marağında olmalıdır. Başqa cür necə ola bilər ki?! Bu, Müsavat Partiyasının maraqlarını, mövqeyini nümayiş etdirir. Azərbaycan Xalq Cəbhəsi Partiyası Müsavat Partiyasını aşağılamaqla məşğuldur, iddia edirlər ki, Müsavat müxalifət partiyası deyil. Təsəvvür edirsinizmi, bu, necə qiymətləndirmədir?! Hesab edirəm ki, Müsavat Partiyası düzgün edir, hər kəsə qucaq açmalıdır. AXCP istəyir ki, müxalif düşərgədə güc o olsun, mediada da media gücü olaraq “Azadlıq” qəzeti fəaliyyət göstərsin. Çalışırlar ki, Müsavat Partiyası da, “Yeni Müsavat” qəzeti də sıradan çıxsın. Toqquşmanın mahiyyətində bunlar dayanır. Bu, yanlış yanaşmadır.
- Siyasi düşərgədə dialoq barədə nə deyə bilərsiniz?
- Dialoqun tərəfdarıyam. Siyasi proseslərdə dialoq özü mübarizə metodudur. Sən elə bir güc olmalısan ki, səninlə masa arxasında otursunlar. Dialoqa qədər olan mərhələ var axı. Müxalifət düşərgəsi o qədər güclü olmalıdır ki, qarşı tərəf onları nəzərə alsın, dialoq aparmağa ehtiyac hiss eləsin. Müxalifət düşərgəsi əvəzinə səhra komandirləri, müxalifət funksionerləri əvəzinə döyüşçülər olardısa, təbii ki, dialoqdan söhbət gedə bilməzdi. Münasibət və müzakirə aləti avtomat olardı... Təəssüf ki, Azərbaycan iqtidarı müxalifəti qüvvə hesab etmir. Müxalifət isə iqtidarın legitimliyini tanımır Dialoq ona görə də alınmır. Dialoq Azərbaycanın gələcəyi, Dağlıq Qarabağın taleyi üçün çox önəmlidir. Gələcəkdə dava küçədə deyil, parlamentdə aparılmalıdır. Bu baxımdan müzakirə etməyə xeyli mövzu var. Ümid edirəm, dialoq yaxın zamanlarda baş verəcək.
- AXCP ilə aranızda yaranmış gərginliklə bağlı Müsavat Partiyasının dəstəyi Sizi qane edirmi?
-Bilirsiz, hansısa media quruluşu kimdənsə kömək istəmir, ondan kimlərsə dəstək istəyir. Mən elə bir güc yaratmışam ki, ya insanlar məndən müdafiə olunurlar, ya da dəstək istəyirlər. Medianın kimdənsə kömək istəməsi absurd bir şeydir. Müsavat Partiyasının bəzi funksionerləri səbatsızlıq edirlər, vəziyyəti dəyərləndirə bilmirlər, bizim Xalq Cəbhəsi ilə münasibətlərimizdə özlərini ayırmaq istəyirlər. Bu da normaldır. Amma bəzi hallarda onların addımları bizim əleyhimizə yönəlir, bəyanatlar verirlər. Biz hər mərhələdə Müsavat Partiyasının yanında olmuşuq, indi də “yanımızda olun” demirik, “kürəyimizdən bıçaq saplamayın” deyirik, bunu da bəzən edirlər. Ötən həftə Müsavat başqanı Arif Hacılı ilə görüşdük, iradlarımı bildirdim, o da iradlarını bildirdi. Beləcə, müzakirə apardıq, məsələ həll edildi.
- Baş verən proseslərə Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbərin mövqeyini necə qiymətləndirirsiniz?
- Mən ona “sabiq başqan” demirəm, “başqanım” deyə müraciət edirəm. İsa bəyin mövqeyini dəyərləndirə bilmərəm, çünki mövqe ifadə etməyib. Amma şəxsi görüşlərimizdə, söhbətlərimizdə bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparmışıq. Həmin fikir mübadilələrini özü açıqlamadığı üçün mən də açıqlamaq istəmirəm.
- Partiyadan getməklə bağlı qərarınızda fasilə elan etmisiniz. Bu məsələ yenidən gündəmə gələ bilərmi?
-Ümumiyyətlə, Müsavat Partiyasından getmək istəyirəm. Bunu qurultaydan öncə İsa bəyə də, iki başqan adayı - Arif Hacılı və Qubad İbadoğluna da demişdim. Demişdim ki, kimin seçilməsindən asılı olmayaraq, partiyadan gedəcəm. Çünki bundan mənə qarşı şantaj elementi kimi istifadə edirlər, sən Müsavat Partiyasının üzvüsən, bunu niyə yazırsan? Jurnalistin partiyalılığı olmamalıdır, bu, dünyadakı düsturdur. Partiya funksionerinin və üzvünün mandatı tamam başqa, qəzet jurnalistinin daşıdığı mandat tamam başqadır. Bunlar bir-birinə ziddir. Əlimi-qolumu aça bilmirəm, bəzi şeylər yazılmalıdır, yaza bilmirəm, deyilməlidir, deyə bilmirəm. Deyəndə də üstümə gəlirlər, “müsavatçı, ayıb olsun, niyə belə etdin?” Müsavat Partiyasında məndən çox stajı olan ikinci bir adam yoxdur. Mən “Yeni Müsavat”dan qalan tək nümayəndəyəm. Bu baxımdan o illərə heyfim gəlir; amma eyni zamanda, söhbət yalnız keçmişdən getmir, söhbət gələcək kateqoriyasında mühüm fəaliyyətlərdən gedir. Məni nə qədər tənqid etsələr, sağdan-soldan söysələr də, media lokomotivini daşımalıyam və yeni trend yaratmalıyam. Azərbaycanda qəzetçiliyə münasibəti dəyişmək lazımdır. İndiki mərhələdə Müsavat Partiyasının vəziyyəti elədir ki, getsəm, düzgün sayılmaz. Ona görə də gözləyirəm. Partiyadan getməyi düşünürəm və yəqin ki, yaxın zamanlarda fəaliyyətimi dayandıracam.
- Müsavat Partiyasında qurultaydan sonra baş verənləri necə qiymətləndirirsiniz?
- Müsavat Partiyasının rəhbərliyinə müəyyən təsirlərim var. Amma AXCP-nin mənə qarşı apardığı çirkli kampaniya Müsavat funksionerlərinə və üzvlərinə də təsir edib. Partiyanın bəzi funksionerləri ilə münasibətlərim o dərəcədədir ki, deyiləsi deyil. Onların bu münasibəti ilə bağlı, demək olar, son həddəyəm. Partiya ilə bağlı da məsələlərə qarışmıram. Öz problemlərini özlərini həll etsinlər, mən demirəm ki, gəlin problemimin həllinə kömək edin...Hazırda partiyanın strukturları işlək vəziyyətdədir, başqan, müavinləri, Məclis üzvləri var, zəhmət çəksinlər, problemlərinin öhdəsindən gəlsinlər. Mən, sadəcə, tərəflərin mövqelərini işıqlandırmaqla mükəlləfəm, başqa səlahiyyətim yoxdur ki...
- Hazırda rəhbərlik etdiyiniz qəzetlə bağlı neçə məhkəmə iddiası var?
- Ötən il bu zamanlar 12 məhkəmə prosesimiz vardı. Bu məhkəmə prosesləri üzrə 3,1 milyon manat iddia vardı. Bu, dünya çapında rekorddur. Bunlardan 7-si sabiq nazir Səfər Əbiyev daxil olmaqla, Müdafiə Nazirliyinin 7 generalına aid idi.
Biri nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədova, o biri “Poladtökmə” zavoduna, digəri isə Sərhəd Qoşunlarına aid iddia idi. Demək olar, biz bunları həll etdik. Vəkillərimiz yaxşı metod tapıblar, prosesi uzadırlar. Müdafiə Nazirliyini o qədər uzatdıq ki, bizi məhkəməyə verən generallardan biri həbs edildi, nazirin özünü və digərlərini işdən çıxardılar. İndi onlardan biri vəzifəsində qalıb, o da iddia ərizəsini geri götürüb. Beləcə yarım milyon irəli olduq. Məhkəmədə “Poladtökmə” Zavoduna qalib gəldik. Buna baxmayaraq, məhkəmə “Gilan Holdinq” və Anar Məmmədovun iddiasını təmin etdi.
- Milli Məclisə gələn il keçiriləcək seçkilərdə iştirak edib-etməməklə bağlı qərar qəbul etmisinizmi?
- Təbii ki, hər bir ictimai xadim ya deputat, ya da prezident olmaq istəyər. Amma istəməklə reallıq arasında fərq var axı. Düşünürəm ki, Azərbaycan parlamentində mənim kimi bir parlamentarinin olmasının xalqa da, mediaya da, dövlətə də faydası var. Bu seçkilərdə şərtlər uyğun olmasa, namizədliyimi irəli sürməyəcəm. Şərtlər uyğun olsa, heç olmazsa, qismən demokratik mühit mövcud olarsa, namizədliyimi irəli sürəcəm.
- Yeni media layihələriniz gözlənilirmi?
-Televiziya layihəsi gündəmdədir. Bir neçə dəfə TV və radio layihələri həyata keçirməyə çalışmışam, hətta Türkiyədə bununla bağlı ortaqlar tapmışam. Təəssüflər olsun, Azərbaycan hakimiyyəti mənə bu şansı verməyib. Amma indi qısa müddət ərzində, məhdud imkanlarla internet televiziyanın quracağıq. Hazırda ciddi bir layihəni maliyyələşdirmək durumunda deyiləm. Ona görə də ortaq axtarıram.