​Rauf Arifoğlu: "Milli Şura mənə qarşı klassik şantaj üsulundan istifadə edir"

​Rauf Arifoğlu: "Milli Şura mənə qarşı klassik şantaj üsulundan istifadə edir" "Müsavat Partiyasındakı fəaliyyətimi dayandırmağı düşünürəm"
Daxili siyasət
26 İyun , 2015 16:34
​Rauf Arifoğlu: Milli Şura mənə qarşı klassik şantaj üsulundan istifadə edir

"Müsavat Partiyasındakı fəaliyyətimi dayandırmağı düşünürəm"

Bakı. 26 iyun. REPORT.AZ/ "Milli Şura rəhbərliyinin "Yeni Müsavat" qəzetinə qarşı fəaliyyəti dünya siyasətinin praktikasında görünməyən bir prosesdir. Özüm də bunu heyrətlə izləyir, lakin sağlam izahatını tapa bilmirəm. Fakt odur ki, Azərbaycanda özünü müxalifət adlandıran ciddi bir qurum - Milli Şura və oraya daxil olan təşkilatlar, şəxslər öz mandatları istiqamətində fəaliyyət göstərmək, mübarizə aparmaq və seçkilərə hazırlaşmaq əvəzinə, ölkədə fəaliyyət göstərən bir qəzetin baş redaktorunu, kollektivini hədəfə alaraq qaralama kampaniyası aparırlar".

Bunu "Report"a açıqlamasında "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu deyib.

O bildirib ki, Milli Şura rəhbərliyi "Yeni Müsavat" qəzetini və onun kollektivini gözdən salmağa çalışır, yalan məlumatlar yayır, təhqir edirlər: "Təbii ki, bu da ictimaiyyətin müəyyən kəsimini həm narahat edir, həm də heyrətləndirir. Bu prosesin arxasında duran faktorların təsnifatı ilə bağlı müəyyən fikirlərim var. Bu proses o qədər uzanır ki, artıq məndə bu adamların xəstə təxəyyül və təfəkkürə malik olması haqqında şübhələr yaradır. Eyni ittihamı eyni şəxslər bir obyekt, bir şəxs haqqında neçə il səsləndirə bilərlər, neçə ittiham irəli sürmək olar? Bu adamlar həyatdakı, siyasətdəki bütün uğursuzluqlarının səbəbləri kimi məni göstərirlər. Görünür, onlara bu cür sərf edir. Bizi hədəfə çevirmək onlarda bir fəaliyyət imitasiyası yaradır. Küçələrdə, meydanlarda, qapalı yerlərdə tədbirlər keçirməli olan bir qurumun üzvləri "facebook" sosial şəbəkəsinə doluşaraq, burada təşkilatlanmağa, reallıqdakı qüvvəsini virtuala transfer etməklə mənim əleyhimə fəaliyyət göstərirlər. Onların belə etmələrinin səbəbləri mənə tam aydın deyil".

R.Arifoğlu Milli Şurada təmsil olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) rəhbərliyinin onun Müsavat Partiyasından uzaqlaşdırılması ilə bağlı tələbinə də münasibət bildirib: "Bu, klassik şantaj üsuludur. Təbii ki, Müsavat Partiyasına üzv olmağım jurnalistika fəaliyyətimə mane olur. Mən bu barədə düşünürəm. Fikrimcə, jurnalist heç bir partiyanın üzvü olmamalıdır. Artıq bu mərhələni keçməliyik".

Baş redaktor vurğulayıb ki, Müsavat Partiyasındakı fəaliyyətini dayandırmaqla bağlı düşünür: "Təəssüflər olsun ki, Müsavat Partiyasında vəziyyət tam qaydasına düşməyib. Yəqin ki, mənim qərarıma bu faktorun təsiri olmayacaq. Müsavat Partiyasındakı üzvlüyümü dayandırmaq haqqında düşünürəm. Partiya rəhbərliyi ilə konkret məsləhətləşmələrdən sonra bu barədə qərar verəcəm".

Son xəbərlər

Orphus sistemi