Yuxarı

Ramiz Mehdiyev: "Dövlət hakimiyyətinin gücünün olmaması əhaliyə çoxlu fəlakət və ağır sınaqlar gətirir"

Azərbaycanda hakimiyyət özünün “güclü dövlət” ideyasını həyata keçirir, çünki öz xalqının nadir ənənələrinə əsaslanır

Bakı. 4 iyun. REPORT.AZ/ "XXI əsrin milli ideyasının təcəssümü olan müasir güclü Azərbaycan dövlətinin yaradılması millətin güclü liderə malik olmasının nəticəsidir. Belə fikir var ki, xalqın lideri anadangəlmə lider olmalıdır. Şəxsiyyətin bəzi fitri keyfiyyətləri bununla razılaşmağa qismən əsas verir. Bu xüsusiyyətləri biz fenomenal yaddaşa malik Heydər Əliyevin simasında görürük. Bu gün xalq milli lider mandatını, bu məsul missiyanı beynəlxalq birlik tərəfindən görkəmli dövlət xadimi kimi tanınan İlham Əliyevə etibar edib. Müasir çiçəklənən Azərbaycan əsl millət lideri kimi onun iradəsinin, zəkasının və istedadının nəticəsidir".

"Report" xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev məqaləsində qeyd olunub. 

"Güclü Azərbaycan dövləti qloballaşma şəraitində milli ideyanın təcəssümü kimi" adlı məqalədə qeyd olunub ki, dövlət hakimiyyətini real edən gücdür, o, sosial praktikada bu gücə tabe olan subyektlər tərəfindən başa düşülür və mənimsənilir: "Məhz bu güc dövlətin fəaliyyətində gözə görünmədən mövcud olaraq, onu məsuliyyət daşıdığı hakimiyyətdən istifadə etməyi bacaran ictimai təsisata çevirir. Bu gücün olmaması dövlətin əhalisinə çoxlu fəlakət və ağır sınaqlar gətirir. Yaxın Şərqin və Şimali Afrikanın bir sıra müasir dövlətlərində hadisələr bunun bariz nümunəsidir. Onların düşdüyü durum göstərir ki, güclü dövlət olmadan normal fəaliyyət göstərən demokratik cəmiyyət yaratmaq mümkün deyil. Yalnız güclü dövlət modeli cəmiyyətin problemlərinin həllini, o cümlədən demokratiya prinsiplərinin reallaşmasını təmin etməyə qadirdir. “Güclü dövlət” anlayışını ilk növbədə dövlətin iqtisadi və siyasi sistemini legitimlik əsasında idarə etmək bacarığının xarakteristikası kimi başa düşmək lazımdır. XX əsrin 90-cı illərinin əvvəlində Azərbaycanda dövlət idarəetmə praktikası belə deməyə əsas verir ki, yalnız prezident idarəetmə sistemi ölkəni dərin böhrandan çıxara bilərdi. Azərbaycanda prezident idarəetmə forması ilə güclü dövlətin yaradılmasının həm də subyektiv zəmini var. Yaxın keçmişimizə retrospektiv nəzər salanda əmin olmaq mümkündür ki, Qarabağ müharibəsinin ilkin mərhələsinin yekunları 1990-cı illərin əvvəlində Azərbaycanda faktiki mövcud olan parlament idarəetmə sistemində “ixtilafların və qərarsızlığın” nəticəsi olub. Real gücə malik siyasi partiyalar olmadığı üçün icra hakimiyyəti əslində parlamentdə “siyasi xadimlər” deyilən qüvvələr tərəfindən kollegial əsasda həyata keçirilirdi. Sürətlə dəyişən vəziyyətdə operativ qərarların qəbul edilməsi uzun–uzadı diskussiyalar, qarşılıqlı ittihamlar, mübahisələr, fikir ayrılıqlarını aradan qaldırmaq üçün müxtəlif komissiyaların yaradılması ilə nəticələnirdi. Bütün bu “çarpışma” nəticəsində Azərbaycan əraziləri nəinki Ermənistan tərəfindən işğal edildi, həm də 1993-cü ilin baharında real vətəndaş müharibəsi təhlükəsi yarandı".

R.Mehdiyev məqaləsində vurğulayıb ki, Azərbaycanda hakimiyyət özünün “güclü dövlət” ideyasını həyata keçirir, çünki öz xalqının nadir ənənələrinə əsaslanır: "Məsələ bundadır ki, dövlətin güclü və planlaşdırıcı rolu olmasa Azərbaycanda həyata keçirilən genişmiqyaslı sosial-iqtisadi layihələrin reallaşmasının üstündən xətt çəkilə bilər. Güclü dövlət gələcək nəslə və “insan kapitalı”na investisiya yatırmadan müvəffəqiyyətli ola bilməz. Azərbaycanda güclü dövlətin uğurları təhsilə, səhiyyəyə, 36 idmana və digər sosial proqramlara düşünülmüş şəkildə sərmayə yatırılması ilə bağlıdır".

ƏTRAFLI:

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi