İnsan Alverinə Qarşı Mübarizə Təşkilatı QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Uçuruma aparan yol!” adlı layihəni icra edəcək.
Bu barədə “Report”a danışan təşkilatın sədri Ramiz Alıyev qeyd edib ki, layihənin əsas məqsədi hökumətin insan alverinə qarşı apardığı mübarizədə vətəndaş cəmiyyətinin rolunu artırmaqdır:
“İnsan alveri probleminə qarşı hökumət, aidiyyatı qurumlar, vətəndaş cəmiyyəti institutları, eləcə də ayrı-ayrı təşkilatların fəaliyyət göstərməyinə baxmayaraq, problemin birbaşa həlli mümkün deyil. Səbəb də odur ki, zaman keçdikcə bu istiqamətdə fəaliyyət göstərən qruplar öz məqsədlərinə çatmaq üçün müxtəlif vasitələrdən istifadə edirlər”.

O qeyd edib ki, bu baxımdan insan alverinə qarşı mübarizə sahəsində davamlı maarifləndirmə işinin həyata keçirilməsi labüddür.
R.Alıyev bildirib ki, layihə çərçivəsində 7 dəqiqəlik qısametrajlı film çəkiləcək:
“QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə, Daxili İşlər Nazirliyinin isə təşkilati dəstəyi ilə ərsəyə gələcək filmin Bakı və Sumqayıt şəhərlərində təqdimatı keçiriləcək. Eyni zamanda filmin “Youtube” və digər sosial şəbəkələrdə geniş şəkildə yayımı reallaşdırılacaq. Təşkilatımız bu günə qədər bu səpkidən olan bir neçə filmin, serialın müəllifidir. Biz filmlərimizdə insan alveri qurbanlarının acı talelərini göstərməklə bərabər, Azərbaycan polisinin işinə necə məsuliyyət və şərəflə yanaşdığını nümayiş etdiririk. Filmdə Azərbaycan polisinin qəhrəmanlığı öz əksini tapacaq”.