Yuxarı

​Ramil Usubov: “Vətəndaşlarımız əmin olmalıdırlar ki, onlar lazım olan anda kömək və qayğını məhz polisdə tapacaqlar”

DİN-in Polis Akademiyasında 2015-2016-cı tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib

Bakı. 1 iyul. REPORT.AZ/ Azərbaycan Polisinin peşə bayramı ərəfəsində Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasında 2015-2016-cı tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib.

DİN-in mətbuat xidmətindən “Report”a daxil olan məlumata görə, nazirliyin aidiyyəti xidmət rəislərinin, məzunların valideynlərinin, ictimaiyyət və kütləvi informasiya vasitələri nümayəndələrinin də iştirak etdikləri tədbirdə Akademiyanın rəisi, polis general-mayoru Nazim Əliyev şəxsi heyətin təntənəli mərasimə hazır olması barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubova raport verib. Nazir Polis Akademiyasının müəllim və müdavim heyətini əlamətdar hadisə münasibətilə təbrik edib.

Daxili işlər naziri təntənəli mərasimdə çıxış edib. Məzunların həyatında yeni bir dövrün başlandığını nəzərə çatdıran daxili işlər naziri onları, valideynlərini və yaxınlarını Akademiyanı müvəffəqiyyətlə bitirmələri münasibətilə bir daha təbrik edib, tapşırıq və tövsiyələrini verib, qarşıda duran vəzifələrdən danışıb. O, qeyd edib ki, müstəqilliyi, dövlətçiliyi, ictimai asayişi, qanunçuluğu və xalqın əmin-amanlığını etibarlı qorumaq qarşıda duran ən mühüm vəzifələrdir. Hakimiyyətin nümayəndəsi olan polis mədəniyyəti, nəzakətli davranışı ilə nümunə, vətəndaşlarımızın güvənc yeri olmalıdır. Xidməti borca daim sadiq qalmalı, əzm və fədakarlıqla çalışmalıdır. Hər zaman axtarışda olmalı, öz üzərində işləməli, təcrübəli əməkdaşlardan öyrənməli, nəzəri biliklərini, peşəkarlıq səviyyələrini artırmalıdır. Bununla yanaşı, cəsur, mübariz, qətiyyətli, prinsipial, savadlı, təşəbbüskar, insanlarla ünsiyyət qurmağı bacaran dövlət qulluqçusu kimi formalaşmalıdır. “Vətəndaşlarımız da əmin olmalıdırlar ki, onlar lazım olan anda kömək və qayğını məhz polisdə tapacaqlar”, - deyə, R.Usubov əlavə edib. Nazir vurğulayıb ki, bizim üçün ən böyük, ən dəyərli və obyektiv qiymət isə xalqın dövlətinə inamıdır.

Tədbirin sonunda daxili işlər naziri Polis Akademiyasını fərqlənmə ilə bitirmiş beş məzuna - Şəhriyar Abuzərliyə, Mətin Qulubəyliyə, Zöhrab Quliyevə, Gözəl Gözəlova və Natiq Şahverdiyevə diplomları və “polis baş leytenantı” xüsusi rütbələrinin paqonlarını təqdim edib.

Əlaçı məzun Orxan Mirzəyev yaş kötüyünə rəmzi xatirə lövhəsini vurub.

Daha sonra döyüş bayrağı dördüncü kurs müdavimlərinə təhvil verilib. Müdavimlər “Azərbaycan Polisi” marşını ifa ediblər.

Sonda şəxsi heyət mətin addımlarla tribunanın qarşısından keçib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi