Yuxarı

Ramil Usubov vətəndaşları qəbul edib

Qəbulda polisin sıravi və kiçik rəis heyəti vəzifələrində, Daxili Qoşunların sıralarında xidmət etmək istəyən 1 700 gənc də olub

Bakı. 7 noyabr. REPORT.AZ/ Daxili işlər naziri, general-polkovnik Ramil Usubov noyabrın 7-də Gəncə Şəhər Baş Polis İdarəsində növbəti qəbul keçirib. Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Gəncə, Göygöl, Samux, Kəlbəcər, Şəmkir, Ağstafa, Tovuz, Gədəbəy, Qazax, Daşkəsən şəhər və rayonlarının qəbul üçün müraciət edən sakinlərinin, eyni zamanda, bölgədə məskunlaşmış qaçqın və məcburi köçkünlərin bir qrupu ilə görüşən nazir vətəndaşları narahat edən problemləri şəxsən dinləyib, onların qanunvericiliyə uyğun və operativ şəkildə həlli üçün konkret tapşırıqlar verib. Polis fəaliyyəti ilə bağlı olmayan müraciətlərin aidiyyəti qurumlara göndəriləcəyi diqqətə çatdırılıb. Ümumilikdə, Ramil Usubov tərəfindən 50 vətəndaş qəbul edilib.

Bununla yanaşı, kütləvi informasiya vasitələrində öncədən verilmiş elanlara uyğun olaraq, həmin şəhər və rayonlarda yaşayan, polisin sıravi və kiçik rəis heyəti vəzifələrində, Daxili Qoşunların sıralarında xidmət etmək istəyən 1700 gənc də qəbulda iştirak edib. Onların arasından daha hazırlıqlı olan 65 namizəd polis orqanlarında, 120 nəfər isə Daxili Qoşunlarda xidmətə qəbul üçün seçilərək sənədlərinin hazırlanması məqsədilə aidiyyatı baş idarələrin rəhbərlərinə müvafiq göstəriş verilib. Nazir namizədlərə öz tövsiyələrini verib, gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıb.

Qəbulda iştirak edənlər yerlərdə vətəndaşlarla dövlət məmurlarının görüşmələri, onların müraciətlərinə, ərizə və şikayətlərinə operativ, həssaslıqla yanaşılması barədə dövlət başçısının məlum tapşırığının yüksək səviyyədə icrasına, problemlərinin həllinə hər zaman xüsusi diqqət və qayğı göstərilməsinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi