Yuxarı

Ramil Usubov sıra baxışı keçirib - FOTO

Təxminən 1 500 iddiaçının sıralarından 120 gənc mülki işçi vəzifəsinə namizəd seçilib

Bakı. 23 aprel. REPORT.AZ/ Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov bu gün kütləvi informasiya vasitələrində öncədən verilmiş elana uyğun olaraq, Əlahiddə Çevik Polis Alayında DİN-in Baş İdarə, idarə və ərazi polis orqanlarında vakant olan sıravi və kiçik rəis heyəti, həmçinin "İctimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 2 mart tarixli fərmanının icrası çərçivəsində mülki işçi vəzifələrində xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib. Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən bildirilib.

Aidiyyəti Baş İdarə, idarə və xidmət rəislərinin də iştirak etdikləri tədbirdə nazir ayrı-ayrılıqda hər bir gəncin zahiri görkəmi, fiziki hazırlığının vəziyyəti və dünyagörüşü ilə maraqlanıb. Təxminən 1 500 iddiaçının sıralarından daha hazırlıqlı olan 400 nəfər polisin sıravi və kiçik rəis heyəti, o cümlədən Daxili Qoşunların sıralarında xidmətə, 120 gənc isə mülki işçi vəzifələrinə namizəd kimi seçilərək sənədlərinin hazırlanması üçün müvafiq göstəriş verilib.

Sonra namizədlər qarşısında çıxış edən nazir milli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin mükəmməl təhsil almış, yüksək intellektə malik gənclərin dövlət idarəçiliyində, o cümlədən daxili işlər orqanlarında xidmətdə irəli çəkilmələri üçün tövsiyə və tapşırıqlarını xatırladıb, bu istiqamətdə hər zaman zəruri addımların atıldığını vurğulayıb.

Sonda Ramil Usubov gələcək çətin, lakin şərəfli xidmətlərində gənclərə uğurlar arzulayıb və əmin olduğunu bildirib ki, onlar daxili işlər orqanlarında mövcud olan ən yaxşı ənənələri davam etdirəcək, qarşıya qoyulan bütün tapşırıqları və vəzifələri yüksək məsuliyyətlə yerinə yetirəcək, cinayətkarlığa qarşı qətiyyətlə mübarizə aparacaq, Vətəninə, xalqına və Prezidentinə sədaqətlə xidmət edəcəklər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi