Yuxarı
    Bağlamaq

    Prezident İlham Əliyev Qusar rayonuna 3 milyon manat ayrılması barədə sərəncam imzalayıb

    Şəhərdə çoxmənzilli binaların əsaslı təmirinə vəsait ayrılıb

    Bakı. 10 sentyabr. REPORT.AZ/ Prezident İlham Əliyev Qusar şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

    "Report" xəbər verir ki, sərəncamda bildirilir: 

    Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurla yerinə yetirilməsi nəticəsində Qusar rayonunda bir sıra mühüm tədbirlər həyata keçirilib, o cümlədən Olimpiya İdman Kompleksi, Mərkəzi Rayon Xəstəxanası, Uşaq-Gənclər Şahmat Məktəbi, Dövlət Bayrağı Kompleksi, “Şahdağ” Qış-Yay Turizm Kompleksinə daxil olan “Şahdağ və SPA”, “Zirvə”, “Pik Palase”, “Park Chalet” mehmanxanaları, əlil və şəhid ailələri üçün ümumilikdə 24 mənzilli 2 yaşayış binası inşa edilib, Rayon Mədəniyyət Mərkəzi, Tarix-Diyarşünaslıq Muzeyi əsaslı təmir olunmuş, təhsil və digər sosialyönümlü obyektlər istifadəyə verilib, iri istehsal və emal müəssisələri yaradılıb, 23 mindən çox yeni iş yeri açılıb, Qusar şəhərinin içməli su təchizatı sistemi yenidən qurulub, qırx bir min nəfər əhalinin yaşadığı 56 yaşayış məntəqəsini birləşdirən və ümumi uzunluğu 98 kilometr olan kəndlərarası avtomobil yolları tikilmiş, genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb.

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Qusarda abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə şəhərin mənzil fonduna daxil olan 23 çoxmənzilli binanın əsaslı təmiri məqsədi ilə qərara alıram:

    1. Qusar şəhərində çoxmənzilli binaların əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qusar Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılsın.

    2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi