Yuxarı

"REAL" Hərəkatının qurultayının vaxtı açıqlanıb

Hərəkat sədrliyinə yeganə namizəd hazırda həbsdə olan İlqar Məmmədovdur

Bakı. 13 iyul. REPORT.AZ/ "REAL hərəkatının qurultayını parlament seçki öncəsi, yəni avqustun sonu sentyabrın əvvəlində keçirmək istəyirik".

Bunu "Report"a açıqlamasında "REAL" Hərəkatının icra katibi Natiq Cəfərli deyib.

O bildirib ki, hərəkatda qurultayla bağlı əksər təşkilati işlər tamamlanıb: "Bölgələrdə hərəkatın El Məclislərinin formalaşması və qurultayda iştirakla bağlı məsələlər bitmək üzrədir. Bir neçə rayon və şəhərdə məclislərin formalaşması məsələsi var. Bu da iyulun sonu avqustun əvvəlinə qədər tamamlanacaq".

N.Cəfərli deyib ki, hərəkat sədrliyinə yeganə namizəd hərəkatın hazırkı rəhbəri, həbsdə olan İlqar Məmmədovdur: "Qurultay zamanı kimsə öz namizədliyini irəli sürərsə və müəyyən dəstək qazanarsa, təbii ki, alternativ seçki keçirilməsi də mümkündür".

O qeyd edib ki, hərəkatın qurultayından sonra qeydiyyatla bağlı Ədliyyə Nazirliyinə müraciət ediləcək: "Biz nazirliyə partiya kimi qeydiyyatdan keçmək üçün müraciət edəcəyik. Qeydiyyatdan keçənə qədər hərəkat formatında fəaliyyətimizi davam etdirəcəyik".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi