Dağ Yəhudilərinin İrsi Mərkəzində yəhudi xalqının məhv edilməkdən xilas olması rəmzini daşıyan “Qurtuluş və Nicat Günü”nə həsr edilən sərgi keçirilib.
"Report"un Şimal bürosunun məlumatına görə, Qırmızı Qəsəbədə yerləşən Dağ Yəhudilərinin İrsi Mərkəzində yəhudi təqviminə əsasən İkinci Dünya Müharibəsində nasist Almaniyası üzərində qələbənin və yəhudi xalqının məhv edilməkdən xilas olması rəmzini daşıyan “Qurtuluş və Nicat Günü”nə həsr edilən sərgi təşkil olunub.
Tədbirdə əvvəlcə müharibə qurbanlarının xatirəsi yad edilib.
Hər il bu dini təqvimin dünyada yaşayan yəhudilər tərəfindən xüsusi qeyd olunduğunu və böyük əhəmiyyət kəsb etdiyini deyən Dağ Yəhudilərinin İrsi Mərkəzinin direktoru İqor Şaulov Azərbaycanda məskunlaşan dağ yəhudiləri icmasının da bu günə xüsusi önəm verdiyini bildirib. O müharibə dövrlərində nasist Almaniyası tərəfindən işğal olunmuş ölkələrdə yəhudilərə qarşı həyata keçirilən soyqırımının, amansız təqiblərin yəhidi xalqının tarixində dərin və kədərli iz buraxdığını qeyd edib.
İqor Şaulov gənc nəslə bu qanlı tarix haqqında məlumatların çatdırmasının, o cümlədən müharibə qurbanlarının hər zaman dərin hörmət və ehtiramla yad edilməsinin vacibliyini vurğulayıb.
Sərgidə iştirak edən İsrailin Azərbaycandakı səfiri Corc Dik bu günün İkinci Dünya müharibəsində qazanılan qələbədə fədakarlıq nümayiş etdirən insanların yad edilməsi baxımından mühüm olduğunu bildirib. Müharibə dövründə ön cəbhədə Azərbaycanın 680 min əsgərinin vuruşduğunu və onlardan 300 min nəfərin döyüşlərdə həlak olduğunu deyən səfir bu qəhrəmanlığın tarixdə böyük iz buraxdığını diqqətə çatdırıb.
Corc Dik digər xalqlarla yanaşı, müharibədə 1,5 milyon yəhudinin də nasist Almaniyasına qarşı mübarizə apardığını, onlardan yüz minlərlə insanın cəbhələrdən geri qayıtmadığını, bir çox qəhrəmanın isə anılması üçün nə məzarının, nə də abidələrinin olduğunu qeyd edib. O bu qəhrəmanların sayəsində dünyanın nasist Almaniyasından azad edildiyini və yəhudi xalqının tamamilə məhv olmaqdan xilas edildiyini vurğulayıb.
Səfirk Dağ Yəhudilərinin İrsi Mərkəzinin təşkil etdiyi sərginin ortaq tarixi bir daha xatırlamağa və insanları maarifləndirməyə töhfə verəcəyini bildirib.
İlk dəfə təşkil olunan sərgidə ziyarətçilərə Dağ Yəhudiləri Muzeyinin fonduna dünyanın müxtəlif ölkələrində yaşayan yəhudilər tərəfindən bağışlanan nadir eksponatlar nümayiş etdirilib, onlara muzeyin fəaliyyəti, icmanın mədəni irsinin qorunmasında və təbliğində oynadığı vacib rolu haqqında ətraflı məlumat verilib.
Qeyd edək ki, sərgi ziyarətçilər üçün ay ərzində açıq olacaq.