​Qubad İbadoğlunun təşkilatındakı istefa qalmaqal yaradıb

​Qubad İbadoğlunun təşkilatındakı istefa qalmaqal yaradıb “İsmayıl Yusifov ADR-dən getmək istəyirdisə, bəhanəsiz gedəydi”
Daxili siyasət
25 Avqust , 2015 11:22
​Qubad İbadoğlunun təşkilatındakı istefa qalmaqal yaradıb

Bakı. 25 avqust. REPORT.AZ/ "Ellada Məmmədli deyir ki, Azərbaycan Demokratiya və Rifah Hərəkatından istefa verməyimin əsas səbəbi bu il keçiriləcək parlament seçkilərinə Milli Şuranın namizədi kimi qatılmaq olub. Ellada xanım parlament seçkilərində "125"lər Siyasi Klubunun namizədi olmaq üçün Ümid Partiyasının sədri İqbal Ağazadə ilə danışıqlara gedə bilər, mən Milli Şuranın rəhbərliyi ilə təmas qura bilmərəm? Onun bu addımı Hərəkat daxilində çox ciddi təpki ilə qarşılanıb".

Bunu "Report"a açıqlamasında Azərbaycan Demokratiya və Rifah (ADR) İdarə Heyətindən istefa verən İsmayıl Yusifov hərəkatın sədr müavini Ellada Məmmədlinin ittihamlarına münasibət bildirərkən deyib.

Xatırladaq ki, E.Məmmədli İ.Yusifovun ADR-dən istefasının səbəbini onun Milli Şuranın və Müsavat Partiyasının rəhbərliyi ilə apardığı danışıqlarla əlaqələndirib: "İsmayıl Yusifov Milli Şura və Müsavat Partiyasının rəhbərliyi ilə görüşüb, onlardan parlament seçkilərində namizədliyinin irəli sürülməsini xahiş edib. Onlar isə deyiblər ki, ADR-də təmsil olunduğuna görə, bu mümkün deyil. İsmayıl bəy bu səbəbdən də hərəkatdan istefa verib".

İ.Yusifov isə haqqında deyilənlərin doğru olmadığını qeyd edib.

O bildirib ki, parlament seçkilərində iştirak qərarı verərsə, Müsavat Partiyası və Milli Şura onu müdafiə edəcək: "Milli Şura ilə təmas qurmağa ehtiyacım yoxdur. 2010-cu ildə 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən namizəd olmuşam. Buradan müxalifət nümayəndələri namizədliklərini irəli sürməyə çətinlik çəkirlər. Ötən seçkidə AXCP-Müsavat bloku kənardan 9 namizədi dəstəkləyib, onun da biri mən olmuşam. Mən yenə həmin dairədən namizəd olsam, həm Müsavat, həm də Milli Şura dəstək verəcək. Buna görə hər hansı şərt qəbul etmək və ADR-dən istefa verməyə lüzum yoxdur. Həm də Milli Şura seçki ilə bağlı qərar verməyib, belə olan halda həmin qurumla necə danışıqlara gedə bilərəm? İstefamın əsas səbəbini bilmək istəyirlərsə, açıqlaya bilərəm, amma bilirəm ki, dediklərim onların xeyrinə olmayacaq. Azərbaycan Xalq Cəbhəsi Partiyasına Razi Nurullayevin, Müsavat Partiyasına da adını çəkmək istəmədiyim şəxslərin timsalında mərkəzləşdirilmiş basqı var. Mən buna etiraz edirəm, bu, yanlış addımdır".

ADR-in sədr müavini Ellada Məmmədli isə "Report"a açıqlamasında bildirib ki, şəxsən özünün seçkidə iştirak etməsilə bağlı Ümid Partiyasının sədri İqbal Ağazadə ilə müzakirə aparmayıb: "Özümün seçkidə iştirakımla bağlı ADR-dən kənar kimsə ilə danışıqlar aparmamışam. Amma görüşə gəlincə, deyə bilərəm ki, təkcə İqbal Ağzadə ilə deyil, digərləri ilə də tədbirlərdə görüşürük, siyasi prosesləri müzakirə edirik. Burada qeyri-adi nə var?! Hələ mənim parlament seçkilərində iştirakım dəqiqləşməyib. Onun dedikləri əsassızdır. İsmayıl Yusifov ADR-dən getmək istəyirdisə, bəhanəsiz gedəydi".

Son xəbərlər

Orphus sistemi