Bakı. 10 may. REPORT.AZ/ Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri
Q.İbadoğlu təəssüflə qeyd edib ki, son qurultaydan sonra Müsavatda rəhbərliyi mənimsəyənlər şəxsi və qrup mənafeyinə xidmət edən səbatsız siyasət və səriştəsiz idarəçilyi ilə partiyanı ağır duruma salıblar: “Çox təəssüf ki, partiyanın indiki rəhbərliyi və onları müdafiə edən bir qrup səhvlərdən nəticə çıxarmaq, narazılıqları araşdırıb aradan qaldırmaq əvəzinə yanlış qərarları, uğursuz açıqlamaları və bu zaman istifadə etdikləri xoşagəlməz və təhqirəmiz ifadələri ilə sizləri yersiz müzakirələrə cəlb edirlər. Müzakirələr zamanı müşahidə etdiyim qarşılıqlı aşağılayıcı açıqlamalar, ittiham dolu yazışmalar, bəzən də təhqirlə müşayiət olunan ifadələr bir çoxları kimi mənə də xoş gəlmir və çox güman ki, cəmiyyətdə də yaxşı qarşılanmır. Bütün bunlar həm də ümumi demokratik dəyərlərə və mübarizəyə də zərbə vurur. Odur ki, sizlərə - uzun illərin mübarizə dostlarına güvənərək xahiş edirəm ki, söz atışmalarını dayandırasınız, belə müzakirələr zamanı yolverilməz ifadələrdən, təhqiramiz sözlərdən istifadə etməyəsiniz”.