Yuxarı

QHT-lərin nümayəndəlikləri tərəfindən xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi üçün müqavilələrin qeydiyyatı qaydası təsdiqlənib

Sənədlə bağlı qərarı baş nazir Artur Rasi-zadə imzalayıb

Bakı. 20 noyabr. REPORT.AZ/ Azərbaycan Nazirlər Kabineti “Qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri tərəfindən xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilələrin qeydiyyata alınması Qaydası”nı təsdiq edib.

“Report”un xəbərinə görə, sənədlə bağlı qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.

Bu qayda qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri tərəfindən xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi üzrə müqavilələrin qeydiyyata alınması qaydasını tənzimləyir. Qaydada müqavilələrin qeydiyyata alınması ilə bağlı nəzərdə tutulmuş tələblər əlavə müqavilələrə, habelə onlara istənilən dəyişikliklərin edilməsi hallarına da şamil olunur.

Sənədə əsasən, müqavilələr bağlanıldığı tarixdən 15 gündən gec olmayaraq, xidmət göstərən (iş görən) qeyri-hökumət təşkilatı tərəfindən qeydiyyata alınması üçün Ədliyyə Nazirliyinə təqdim edilir.

Müqavilə olmadan və ya qeydiyyata alınmayan müqavilələr üzrə bank əməliyyatları və hər hansı digər əməliyyatlar aparıla bilməz.

Müqavilənin qeydiyyata alınması üçün ərizəyə bu müqavilənin, o cümlədən əlavə müqavilənin və ya ona edilmiş dəyişikliyin tərəflərin imzaladığı əslinin nüsxəsi, göstərilən xidmətlərin və ya görülən işlərin sifarişçisi olan əcnəbi və ya vətəndaşlığı olmayan fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti, göstərilən xidmətlərin və ya görülən işlərin sifarişçisi olan xarici hüquqi şəxsin qeydiyyatını, kommersiya və ya qeyri-kommersiya olduğunu təsdiq edən sənədin (ticarət reyestrindən çıxarışın, qeydiyyat şəhadətnaməsinin) surəti, müqavilə üzrə göstərilən xidmətlər və ya görülən işlər barədə sifarişçi tərəfindən imzası ilə təsdiq olunmuş ətraflı məlumat (məqsədi, müqavilənin başlama və başa çatma tarixi, mövcud vəziyyət, gözlənilən nəticə, faydalanan şəxslərin dairəsi, iş və xidmətin həcmi, göstəriləcəyi yer və məbləği), müqavilə qanuni təmsilçi olmayan şəxs tərəfindən imzalandıqda, onun müvafiq səlahiyyətə malik olması barədə sənədin surəti, müqavilənin digər icraçıları olduqda, onlar barədə məlumat əlavə edilir.

Ədliyyə Nazirliyi sənədlərin təqdim edilməsi və həmin sənədlərdə göstərilmiş məlumatların düzgünlüyünü, təqdim olunmuş sənədlərin və müqavilə üzrə həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin Azərbaycan Respublikasının qanunvericiliyinə, təşkilatın nizamnaməsinə (əsasnaməsinə) uyğunluğunu, müqaviləni imzalamış şəxsin müvafiq səlahiyyətə malik olmasını, müqavilənin tərəfi kimi iştirak edən qeyri-hökumət təşkilatı tərəfindən Maliyyə Nazirliyinə illik maliyyə hesabatlarının təqdim edilməsini, müqavilənin tərkib hissəsi olan layihənin təqdim edilməsini, müqavilənin tərəfi kimi iştirak edən qeyri-hökumət təşkilatının təsis sənədlərinin qanunvericiliyə uyğunluğunu, müqavilənin kommersiya və ya qeyri-kommersiya xarakterli olmasını araşdırır.

Müqavilənin qeydiyyata alınmasından imtina edilməsi üçün əsas olmadıqda Ədliyyə Nazirliyi ərizənin və sənədlərin təqdim edildiyi tarixdən 15 gün müddətində müqaviləni qeydiyyata alır və qeyri-hökumət təşkilatına bildiriş verir. Sənədlərin və ya məsələlərin əlavə araşdırılması zərurəti yarandıqda, bildirişin verilməsi müddəti 15 günədək uzadılır.

Müqavilənin qeydiyyata alınması illər üzrə tərtib edilən qeydiyyat kitabında aparılır. Hər bir müqavilə qeydiyyata alınarkən, ona fərdi qeydiyyat nömrəsi verilir. Müqavilə üzrə bank əməliyyatları aparılarkən, onun fərdi qeydiyyat nömrəsi bank sənədlərində əks etdirilir.

Təqdim edilmiş sənədlərdə qeydiyyata alınması üçün imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, Ədliyyə Nazirliyi müqavilənin qeydiyyata alınmasını dayandırır və həmin sənədləri müraciət etmiş şəxsə qaytarmaqla, bu çatışmazlıqların aradan qaldırılması üçün əlavə olaraq 5 iş günü müddət təyin edir.

Ədliyyə Nazirliyi nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə, göstərilən məsələlər üzrə araşdırma nəticəsində çatışmazlıqlar aşkar edildikdə, ərizədə göstərilən məlumatlar və (və ya) ona əlavə edilən sənədlər yanlış olduqda, aşkar edilmiş çatışmazlıq müəyyən olunmuş müddətdə aradan qaldırılmadıqda müqavilənin qeydiyyatından imtina edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi