Bu gün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “30 avqust - Beynəlxalq Məcburi Yoxaçıxma Qurbanları (itkin düşmüş şəxslər) Günü” ilə əlaqədar onlayn konfrans keçirib.
“Report” xəbər verir ki, konfransı giriş sözü ilə Agentliyin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev açaraq Ermənistanın təcavüzkar siyasəti çərçivəsində beynəlxalq humanitar hüquq prinsiplərinin kobudcasına pozulduğu, mülki və hərbi şəxslərin əsir və girov götürülməsi təcrübəsindən geniş istifadə olunduğu, əsirlərin məhv edilməsi siyasətinin sistemli həyata keçirildiyi, habelə itkin düşmüş şəxslərlə bağlı məsələnin hüquqi aspektləri barədə fikirlərini qeyd edib.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun rəhbərinin müavini Eldar Səmədov çıxış edərək Ermənistanın işğalçı siyasəti çərçivəsində soyqırımı və etnik təmizləmə kimi insanlıq əleyhinə cinayətlərin törədildiyi, girov götürülmüş mülki əhali ilə qeyri insani rəftar, itkin düşmüş azərbaycanlılarla bağlı məlumatların toplanılması, bu şəxslərin Azərbaycana qaytarılması istiqamətində müvafiq tədbirlərin görülməsi, aidiyyəti yerli qurumlarla birgə Dövlət Komissiyasının fəaliyyəti barədə ətraflı məlumat verib.
Daha sonra Agentliyin Müşahidə Şurasının sədr müavini, Prezident Administrasiyasının məsul əməkdaşı Vüsal Quliyevin moderatorluğu ilə konfrans işini davam etdirib. V.Quliyev konfrans iştirakçılarına Ermənistanın ölkəmizə qarşı təcavüzü nəticəsində əsir və itkin düşmüş, girov götürülmüş şəxslərin hüquqlarının müdafiəsini diqqət mərkəzində saxlamaqla onlara qarşı qeyri-insani və ya ləyaqəti alçadan rəftar və cəza hallarının aradan qaldırılması, xüsusilə də onların azad edilərək ölkəmizə təhvil verilməsi istiqamətində yerli qeyri-hökumət təşkilatlarının fəaliyyətinin əhəmiyyətini vurğulamış, konfransda səsləndirilən təkliflərin nəzərdən keçiriləcəyini vurğulayıb.
Konfransda 1992-ci ildə Şuşanın işğalı zamanı itkin düşmüş Feruz Məmmədovun oğlu Bəxtiyar Məmmədli, “Həsrət Yolu” Əsir və Girovlarla Kömək İctimai Birliyinin sədri Esmira Orucova, Respublika Veteranları Təşkilatının sədr müavini Cəlil Xəlilov, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, "Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərli, Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin sədri Xəyal Bəşirov, Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfərova, Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyev, “Hüquq və İnkişaf” İctimai Birliyinin sədri Hafiz Həsənov, İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyinin sədri Səltənət Qocamanlı və İslahatçı Qadınlar və İnnovasiyalar İctimai Birliyinin sədri Vüsalə Hüseynli çıxış edərək beynəlxalq qurumlar tərəfindən əsir və itkin düşmüş şəxslər məsələsinin siyasiləşdirilməsinə yol verilməməsini, ona sırf humanitar prizmadan yanaşılmasını, yüzlərlə ailənin iztirablarına, qeyri-müəyyənliyə son qoyulmasını tələb ediblər.
Sonda konfrans iştirakçılarının təklifi ilə Ermənistanın silahlı qüvvələrinin Azərbaycan ərazilərinə hərbi təcavüzü və işğalı nəticəsində əsir və itkin düşmüş, girov götürülmüş şəxslərlə bağlı Azərbaycan qeyri-hökumət təşkilatlarının adından bəyanat qəbul edilib. Bəyanatda beynəlxalq təşkilatlardan və dövlətlərdən Ermənistan silahlı qüvvələri tərəfindən əsir və girov götürülmüş 4 minə yaxın azərbaycanlının sonrakı taleyi haqqında məlumat verməsi, əsirləri və girovları, həmçinin işgəncələr və xəstəliklər nəticəsində vəfat etmiş şəxslərin nəşlərinin qaytarılması üçün Ermənistan Respublikasına təsir göstərilməsi və törətdikləri müharibə cinayətlərinin araşdırılması tələb edilib.