Qərbi Azərbaycan Xronikası: “Ermənilər əsrlər boyu Azərbaycan bayatılarından istifadə ediblər”

Qərbi Azərbaycan Xronikası: “Ermənilər əsrlər boyu Azərbaycan bayatılarından istifadə ediblər” Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.
Daxili siyasət
5 İyun , 2023 21:37
Qərbi Azərbaycan Xronikası: “Ermənilər əsrlər boyu Azərbaycan bayatılarından istifadə ediblər”

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

"Report" xəbər verir ki, bugünkü müsahib - Azərbaycan Dillər Universitetinin professoru, tədqiqatçı-alim Əsgər Zeynalov doğulub boya-başa çatdığı Zəngibasar rayonunun Yuxarı Necili kəndi barədə xatirələrini bölüşüb. O, kənd müəllimlərinin qayğıkeşliyindən, şagirdlərin savadlı olması üçün nümayiş etdirdikləri fədakarlıqdan söhbət açıb.

Ermənilərin azərbaycanlılara qarşı deportasiya və soyqırımı siyasətindən danışan Ə.Zeynalov bildirib ki, 1988-ci ildə erməni vandalları Uluxanlı kənd orta məktəbinin direktoru Sənan Qədiməliyevi nümayişkəranə şəkildə, vəhşicəsinə döyüblər.

Rus, fransız və erməni dillərini bilən tədqiqatçı alim erməni qaynaqlarında apardığı axtarışlar, onların nəticələri, gəldiyi qənaəti də diqqətə çatdırıb. Qeyd edib ki, ermənilər uzun əsrlər boyu Azərbaycan bayatılarından istifadə ediblər: “Ermənistandakı tarixi yer adları bu torpaqların azərbaycanlılara məxsus olduğunu sübut edir. Qədim oğuz-türk yurdu İrəvan şəhəri Azərbaycanın elm və mədəniyyətinin inkişafına mühüm töhfələr verən ziyalılar yetirib. Bütün bunlar faktdır, tarixdir. Ermənilər bu tarixi silmək, məhv etmək, Azərbaycan torpaqlarında türksüz Ermənistan yaratmaq üçün bütün vasitələrə əl atıb, kütləvi qırğınlar törədiblər. Müxtəlif dövrlərdə baş verən deportasiyalar azərbaycanlılara çox böyük zərbələr vurub, bəlalar yaşadıb”.

40-dan çox kitaba müəlliflik edən Ə.Zeynalov “İrəvan ziyalıları” kitabı barədə də məlumat verib. Bu kitabın bir neçə dilə tərcümə edildiyini, xarici ölkələrdə nəşr olunduğunu, İrəvanın yetirdiyi ziyalıların dünyaya tanıdılmasında özünəməxsus rol oynadığını söyləyib. O, Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq səviyyədə ictimailəşdirilməsi, erməni yalanlarının dünyada ifşa olunması üçün xarici yazarlarla əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Son xəbərlər

Orphus sistemi