Bu gün "Baku TV"də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində rus dilində növbəti buraxılış efirə gedib.
“Report” xəbər verir ki, aparıcı Ellada Sarvanın müsahibi Milli Məclisin dörd çağırış deputatı, professor Rüfət Quliyev olub.
O, Ermənistan və Azərbaycanın bugünkü iqtisadi-siyasi vəziyyətindən, Qafqazda təhlükəsizliklə bağlı məsələlərdən söz açıb və deyib ki, biz beynəlxalq hüquq normalarını pozmadan Ermənistanı sülhə məcbur edirik: “Baş verənlərə görə erməni xalqının günahı yoxdur. Ermənistanın dövlətçiliyinə təhlükə olduğu üçün Paşinyan bizim şərtlərimizi yerinə yetirməyə məcburdur. Ermənistanla sülh müqaviləsi həm Avropa, həm də ABŞ tərəfindən dəstəklənir. Qərb sülh sazişinin imzalanmasında və Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Sülh müqaviləsi bağlanacaq”.
Onun sözlərinə görə, hazırda Ermənistanda siyasi dalğalanma səngimiş kimi görünür, amma Baş nazir Nikol Paşinyan həm silahlanma, həm də Qərb və Rusiya ilə bağlı siyasi spekulyasiyalar edir: “Ermənilər ötən əsrə aid silahı 600 milyon dollara alıblar. Ermənistan hökuməti iki kresloda oturmaq istəyir. Bu gün Ermənistan iqtisadiyyatının 45%-dən çoxu Rusiyaya məxsusdur”.
Professor Demokratiya və İqtisadi İnkişaf uğrunda Təşkilat – GUAM-ın indiki dövrdə aktiv fəaliyyət göstərmədiyini söyləyib, bu təşkilatın bölgədə sülh, təhlükəsizlik üçün rolunun indiki dövrdə aktual olmadığını bildirib: “İndi dünyada daha geniş platformalara üstünlük verilir. Azərbaycan öz ideyalarını təbliğ etmək üçün istənilən beynəlxalq platformanı dəstəkləyir”.
R.Quliyev dünyada gedən proseslərə, Rusiya-Ukrayna, İsrail-Fələstin müharibələrinə, eləcə də Qarabağ zəfərindən sonra Qərbi azərbaycanlıların doğma yurda qayıdışı məsələsinə toxunub: “Biz “Qarabağı qaytarın” xəyalına inandıq və bu arzu gerçəkləşdi. İndi Ermənistanla problemlərin həllinə mane olan çoxlu xarici oyunçular var. Bunlara baxmayaraq qayıdış məsələsi heç vaxt qüvvəsini itirməyəcək və gec-tez reallaşacaq”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Müsahibə avqustun 20-də saat 18:30-da "Baku TV"nin efirində və yutub kanalında rus dilində yayımlanıb.