Qərbi Azərbaycan İcması bəyanat yayıb.
"Report"un xəbərinə görə, bəyanatda deyilir:
"Ermənistanda Azərbaycan əsgərinə işgəncə verilməsi görüntülərinin yayılmasından cəmi bir gün sonra, bu ölkədə Azərbaycana qarşı növbəti nifrət aktı törədilmişdir. Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının televiziya ilə beynəlxalq aləmə canlı yayımlanan açılış mərasimində Ermənistan İctimai Televiziyasının əməkdaşı, bu ölkədə tanınmış dizayner və sözügedən çempionatın təşkilatçılığında yer alan bir şəxs Azərbaycanın bayrağını nümayişkaranə şəkildə yandırmışdır.
Ermənistanın qanunvericiliyində xarici ölkənin dövlət simvollarına qarşı hörmətsizliyin cinayət sayılmasına baxmayaraq, polis beynəlxalq ictimaiyyətin gözü qarşısında cinayət törətmiş bu şəxsi elə həmin gün azad etmişdir. Ən ağrılısı odur ki, Azərbaycan bayrağının səhnədə yandırılması tamaşaçıların alqışları ilə müşayiət olunmuş, polis tərəfindən azad edilən həmin şəxs bu ölkənin parlament üzvləri daxil olmaqla çoxsaylı kütlə tərəfindən qəhrəman kimi qarşılanmışdır.
Bütün bunlar Ermənistanda Azərbaycana qarşı dövlət tərəfindən dəstəklənən və sistemli şəkildə aparılan etnik nifrət siyasətinin və Azərbaycanofobiyanın göstəriciləridir. Ermənistanda belə ictimai nifrət aktlarını təşkil edənlər xalqlar arasında nifaqı daha da dərinləşdirməyi və qorxu mühiti yaradaraq azərbaycanlıları oraya qayıtmaqdan çəkindirməyi hədəfləyirlər.
Ermənistanın törətmiş olduğu insanlıq əleyhinə cinayətlərə və müharibə cinayətlərinə beynəlxalq aləmin lazımınca reaksiya göstərməməsi bu ölkədə irqi-ayrı seçkilik siyasətinin və cəmiyyətdə ksenofobiya meyllərinin daha da güclənməsinə şərait yaradır. Buna görə də biz beynəlxalq ictimaiyyəti Ermənistanın törətdiyi etnik təmizləmə, irqi ayrı-seçkilik kimi insanlıq əleyhinə cinayətlərinə adekvat qiymət verməyə çağırır.
İcma Azərbaycan bayrağına qarşı törədilmiş cinayəti kəskin şəkildə qınayır və Ermənistan hökumətindən azərbaycanlılara qarşı nifrət və ayrı-seçkiliyi aşılayan siyasət və praktikasını dərhal dayandırmağı, azərbaycanlılara qarşı cinayət törətmiş şəxsləri ədalət məhkəməsinə təslim etməyi və onları şöhrətləndirməyə dərhal son verməyi tələb edir.
Bütün bunlar, Ermənistana qayıtmağımız üçün müvafiq verifikasiya, hüquqi və təhlükəsizlik zəmanət mexanizmini ehtiva edən razılaşmaların zəruriliyini bir daha vurğulayır".