Müsavat Partiyasının qaravolçusu Qubad İbadoğluna görə işdən çıxarılıb

Müsavat Partiyasının qaravolçusu Qubad İbadoğluna görə işdən çıxarılıb “Partiyanın indiki rəhbərliyində olanlar hələ də mənə qısqanclıqla yanaşırlar”
Daxili siyasət
9 Oktyabr , 2015 15:50
Müsavat Partiyasının qaravolçusu Qubad İbadoğluna görə işdən çıxarılıb

Bakı. 9 oktyabr. REPORT.AZ/ "Müsavat Partiyasının qurultayında Qubad İbadoğlunu dəstəkləyirdim. Qurultaya qədər dəstəklədim, amma səsvermənin nəticəsi Arif Hacılının xeyrinə oldu. Mən də nəticəni qəbul etdim, onu başqan kimi tanıdım. Buna baxmayaraq, indiki partiya rəhbərliyində olanlar hələ də mənə qısqanclıqla yanaşırlar. Ona görə də məni partiyanın mərkəzi qərargahının qarovulçuluğundan çıxartdılar".

Bunu "Report"a açıqlamasında Müsavat Partiyasının Binəqədi rayon təşkilatının özək sədri, partiya qərargahının keçmiş qaravolçusu Zahir Abdullayev deyib.

2011-ci ilin mart ayından Müsavat Partiyasının qərargahında qaravolçu işlədiyini deyən Z.Abdullayev bildirib ki, 2013-cü ilə qədər mütəmadi əmək haqqı verilsə də, ondan sonrakı dövrdə maaş almayıb: "Müsavat Partiyasının daxilində başda Arif Hacılı olmaqla mənə qarşı qısqanclıq vardı, qurultaydakı seçimimə hörmət etmirdilər. Arif Hacılını başqan kimi tanıdım ki, qarovolçu kimi fəaliyyətimi davam etdirim. Onların mənə qarşı etdikləri haqsızlıqdır. Orada işlədiyimin qarşılığında 250 manat pul alırdım. 2013-cü ilə qədər vaxtında pulu verirdilər, qurultay məsələsi gündəmə gəldikdən sonra maaş ala bilmədim. Bunun əvəzində maaş deyil, ayda bir neçə dəfə pul verirdilər, bu da maaşdan xeyli az olurdu. Sonra mənə bildirdilər ki, aylıq məvacib kimi 150 manat maaş veriləcək, ona da razılaşdım. Sonuncu dəfə avqustda Binəqədi rayon təşkilatından 150 manat pul aldım. Əvvəlki ayların maaşlarını tələb etdikdə isə buna əhəmiyyət vermədilər. Axırda da işdən çıxarıldım. Qərargahın qıfılını dəyişdilər, yeni açarı da mənə vermədilər. Sonra Gülağa Aslanlı dedi ki, mənimlə yollarını ayırıblar".

Özək sədri iddia edib ki, Müsavat Partiyasının ona bütövlükdə 2800 manat borcu var: "Partiyanın yekun cavabını aldıqdan sonra məhkəməyə, lazım gələrsə, beynəlxalq təşkilatlara da müraciət edəcəm".

Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı isə "Report"a açıqlamasında bildirib ki, Z.Abdullayevin dedikləri doğru deyil: "Ona "işdən çıxarılmısan" deməmişəm. Sadəcə, Zahir bəyə bildirmişəm ki, bu məsələ müzakirə olunub həll ediləcək".

G.Aslanlı deyib ki, Z.Abdullayevlə bağlı yaranmış problemin onun Qubad İbadoğluna yaxın şəxs olması ilə heç bir əlaqəsi yoxdur.

Son xəbərlər

Orphus sistemi